Paşinyan: Ermənistan Rusiya və Aİİ qarşısında götürdüyü öhdəlikləri pozmayıb

1 Sentyabr 2026 21:54

Ermənistan Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaqla bağlı üzv ölkələri məlumatlandırmayıb.

Milli.Az APA-ya istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşündə deyib.

Paşinyan bildirib ki, Aİİ haqqında Müqavilədə təşkilat üzvünün çıxmaq qərarı verdiyi halda atılmalı addımlar açıq şəkildə göstərilib. Onun sözlərinə görə, sənəddə üzv dövlətin təşkilatdan kənarlaşdırılmasına dair hər hansı müddəa nəzərdə tutulmayıb.

Ermənistanın Baş naziri qeyd edib ki, ölkənin Aİİ-dən çıxmaq qərarı verəcəyi təqdirdə tərəfdaş dövlətlərə bu barədə 6 ay əvvəl məlumat verilməsi nəzərdə tutulur.

Paşinyanın sözlərinə görə, İrəvan Rusiya ilə Ermənistan arasında, eləcə də Aİİ çərçivəsində mövcud müqavilə-hüquqi bazanı təhlil edib və Ermənistanın Rusiya və Aİİ qarşısında götürdüyü öhdəlikləri pozduğuna dair hər hansı hal müəyyən edilməyib.

Baş nazir Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı qanunun qəbul edilməsinə də toxunub. O, bildirib ki, Aİ-yə üzvlük prosesinin başlanması haqqında qanunun qəbul edilməsi referendum keçirilməsi ideyasından imtina deməkdir.

"Bu məsələ hələ Ermənistan xalqının qarşısında formalaşdırılması mümkün olacaq səviyyədə yetişməyib", - deyə Paşinyan qeyd edib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)