Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammitinə sadəcə təşkilatın növbəti iclaslarından biri kimi yanaşmaq düzgün deyil. Sammit təkcə ŞƏT-in institusional transformasiyasının və onun getdikcə artan geosiyasi çəkisinin nümayişi deyil, həm də beynəlxalq sistem daxilində baş verən daha genişmiqyaslı güc dəyişikliyinin mühüm göstəricisidir.
Milli.Az xəbər verir ki, bu barədə Türkiyənin Uludağ Universitetinin professoru Mehmet Yüce Trend-ə açıqlamasında deyib.
Onun sözlərinə görə, son illərdə qlobal siyasətin birqütblü strukturdan çoxmərkəzli və çoxsəviyyəli bir sistemə doğru təkamülü ŞƏT-in əhəmiyyətini artırır.
"Əvvəlcə əsasən Mərkəzi Asiyanın təhlükəsizlik məsələlərinə yönəlmiş regional bir qurum olan ŞƏT (Şanxay Əməkdaşlıq Təşkilatı) bu gün Çin, Rusiya, Hindistan, İran, Pakistan və Mərkəzi Asiya ölkələrini vahid platformada birləşdirən genişmiqyaslı Avrasiya əməkdaşlıq mexanizminə çevrilib.
Təşkilatın gündəliyinin təhlükəsizlik sahəsindən kənara çıxaraq enerji, nəqliyyat, ticarət, texnologiya, süni intellekt, informasiya təhlükəsizliyi, nüvə təhlükəsizliyi, iqlim dəyişikliyi və iqtisadi əməkdaşlıq kimi bir sıra geniş sahələri əhatə etməsi bu transformasiyanın ən bariz göstəricilərindən biridir.
Bişkek Sammitində qəbul edilmiş sənədlər həmçinin onu göstərir ki, ŞƏT artıq yalnız klassik mənada bir təhlükəsizlik təşkilatı kimi qəbul edilməməlidir", - deyə o qeyd edib.
M.Yüce əlavə edib ki, ŞƏT-ə hərbi ittifaq və ya vahid ideoloji blok kimi deyil, müxtəlif güc mərkəzlərinin ortaq maraqlar əsasında əməkdaşlıq edə biləcəyi strateji manevr və dialoq platforması kimi yanaşmaq daha realdır.
"Əslində, ŞƏT-in özünəməxsusluğu məhz bundadır. Bir-biri ilə rəqabət aparan və ya fərqli prioritetlərə malik dövlətlər ortaq maraq sahələri müəyyən etmək məqsədilə eyni institusional çətir altında bir araya gələ bilirlər. Bu vəziyyət həm də onu göstərir ki, müasir beynəlxalq sistem getdikcə klassik ittifaq modellərindən uzaqlaşır.
Bişkek Sammitinin daha genişmiqyaslı əhəmiyyətini dərk etmək üçün beynəlxalq sistemdəki transformasiyaya nəzər salmaq lazımdır. Soyuq müharibənin başa çatmasından sonra formalaşan ABŞ mərkəzli birqütblü struktur bu gün artıq əvvəlki kimi həlledici rol oynamır ", - deyə o vurğulayıb.
Professor bildirib ki, bu yeni dövrdə dövlətlər ənənəvi mənada hər hansı bir bloku seçmək əvəzinə, müxtəlif güc mərkəzləri ilə eyni vaxtda münasibətlər qurmaq yolu ilə strateji manevr imkanlarını genişləndirməyə çalışırlar.
"Bişkek Sammiti, xüsusilə Türkiyə, Azərbaycan və Türk dünyası nöqteyi-nəzərindən diqqətlə izlənilməlidir.
Bunun səbəbi odur ki, Mərkəzi Asiya həm ŞƏT, həm də Türk dünyası üçün geosiyasi mərkəzlərdən biridir. Region ölkələrinin - xüsusilə Qazaxıstan, Qırğızıstan və Özbəkistanın - ŞƏT daxilindəki mövqeyi Türk dünyasının Çin, Rusiya, Hindistan və İran kimi böyük dövlətlərlə münasibətləri baxımından mühüm strateji amil təşkil edir. Bu mərhələdə Türk Dövlətləri Təşkilatı və ŞƏT-ə rəqib qurumlar kimi deyil, bir-birini tamamlaya bilən və fərqli funksiyalara malik platformalar kimi yanaşmaq daha düzgün olardı.
ŞƏT türk dövlətlərinə daha geniş Avrasiya regionu miqyasında iqtisadi, enerji, nəqliyyat və təhlükəsizlik sahəsindəki əlaqələrini inkişaf etdirə biləcəkləri çoxtərəfli bir platforma təqdim edir", - deyə M.Yüce qeyd edib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)