Paltar yuyarkən istifadə edilən bəzi praktiki üsullar, xüsusilə paltarlarda yaranan statik elektrik problemini azaltmağı hədəfləyir. Son dövrlərdə diqqət çəkən üsullardan biri də paltaryuyan maşının barabanına üç ədəd alüminium folqa topu yerləşdirməkdir. Tətbiq zamanı alüminium folqa bərk şəkildə yuvarlanaraq təxminən tennis topu boyda toplar halına gətirilir. Hazırlanan iki və ya üç folqa topu paltarlarla birlikdə maşının barabanına atılır və yuma prosesi normal şəkildə həyata keçirilir.
Milli.Az xəbər verir ki, bu üsulun əsasında alüminiumun elektrik keçiriciliyi dayanır. Yuma zamanı paltarların bir-biri ilə və barabanla təmas etməsi nəticəsində yarana bilən statik elektrik xüsusilə sintetik parçalarda daha qabarıq şəkildə özünü göstərə bilər. Alüminium folqa toplarının isə yaranan elektrik yükünün paylanmasına kömək etdiyi bildirilir. Statik elektriyin azalması ilə polyester və neylon kimi sintetik parçaların bir-birinə və ya bədənə yapışmasının qarşısının alınması hədəflənir. Eyni zamanda, paltarların üzərində yığılan bəzi tük və liflərin yapışmasının da azala biləcəyi qeyd olunur.
Tətbiqdə istifadə ediləcək folqa toplarının boş buraxılmaması, mümkün qədər bərk şəkildə yumrulanması tələb olunur. Həmçinin folqanın yuma zamanı parçalanmaması üçün topların möhkəm hazırlanması tövsiyə edilir. Üsulun təsirinin parça növündən, yuma proqramından və istifadə edilən materiallardan asılı olaraq dəyişə biləcəyi bildirilir. Lakin alüminium folqa toplarını paltaryuyan maşında istifadə etməzdən əvvəl cihazın istehsalçı təlimatlarını nəzərə almaq lazımdır.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)