Azərbaycan geosiyasi mövqeyindən peşəkarlıqla istifadə edərək dünyaya töhfə verir - Sahil Kərimli

1 Sentyabr 2026 17:32

Azərbaycanın əlverişli geosiyasi mövqeyi ölkənin imkanlarını qat-qat artırır və Azərbaycan bu imkanlardan peşəkarlıq, uzaqgörənlik və qətiyyətlə istifadə edir.

Milli.Az xəbər verir ki, bu fikirləri Trend BİA-nın direktor müavini, siyasi şərhçi Sahil Kərimli ARB24 telekanalında yayımlanan "Gündəm" verilişində bildirib.

S.Kərimli qeyd edib ki, Azərbaycanın üstünlüyü yalnız onun yerləşdiyi geosiyasi coğrafiya ilə bağlı deyil. Onun sözlərinə görə, ölkənin yerləşdiyi mövqe imkanları əhəmiyyətli dərəcədə artırsa da, əsas məsələ Azərbaycanın bu imkanlardan necə istifadə etməsidir.

"Azərbaycanın yerləşdiyi mövqe ölkəmizin imkanlarını qat-qat artırır. Amma burada Azərbaycanın bu imkanlardan necə peşəkarlıqla, professional şəkildə, uzaqgörən, qətiyyətli formada istifadə etməsini də vurğulamalıyıq", - deyə o bildirib.

S.Kərimli vurğulayıb ki, Prezident İlham Əliyev ölkənin malik olduğu geosiyasi mövqedən istifadəni dünya ölkələri üçün nümunəyə çevirir və bununla Azərbaycan dünyaya töhfə verir.

Onun sözlərinə görə, Çindən Mərkəzi Asiya, Qafqaz və Avropaya qədər uzanan marşrutların inkişafı böyük əhəmiyyət daşıyır.

"Çinin, qardaş Mərkəzi Asiya ölkələrinin Azərbaycan üzərindən Avropaya qədər bu yolu qət etməsi, idxal-ixrac əməliyyatlarını həyata keçirmək, nəqliyyat-kommunikasiya xətlərini şaxələndirmək və logistik imkanları daha da genişləndirmək - bax, budur əsas məsələ", - S.Kərimli deyib.

Siyasi şərhçi qeyd edib ki, Azərbaycanın bu layihələrə müəlliflik etməsi və onları həyata keçirməsi eyni zamanda qardaş və dost ölkələrə göstərilən bir jest, onların qarşısında yaradılan yeni imkan kimi qiymətləndirilə bilər.

O bildirib ki, bu imkanlar həmin ölkələrə iqtisadiyyatlarını şaxələndirmək və gücləndirmək imkanı verəcək.

S.Kərimlinin sözlərinə görə, bütün bu proseslər xalqların və vətəndaşların rifahı və sosial inkişafı üçün böyük imkanlar açacaq.

"Tamamilə yeni bir dönəmə qədəm qoymuşuq", - deyə o əlavə edib.

Siyasi şərhçi Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə münasibətlərə də toxunub. O bildirib ki, Azərbaycanı bu ölkələrlə dərin və böyük keçmişə malik tarixi köklər bağlayır.

Onun sözlərinə görə, məhz bu tarixi bağlardan qaynaqlanaraq Azərbaycan və Türkiyənin səyləri nəticəsində Türk Dövlətləri Təşkilatı hazırda yüksək səviyyədə təşkilatlanıb.

"Qardaş ölkələr arasında bütün istiqamətlərdə - siyasi, iqtisadi, mədəni sahələrdə çox dərin təməllərə malik əlaqələr qurulub", - S.Kərimli vurğulayıb.

O qeyd edib ki, qardaş ölkələr arasında xüsusilə siyasi və iqtisadi əlaqələr mövcuddur və bu münasibətlər gələcəkdə də davam etdiriləcək.

S.Kərimli Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizliyinin qorunmasının da mühüm məsələ olduğunu bildirib.

Onun sözlərinə görə, son dövrlərdə Azərbaycan qardaş ölkələrlə, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə münasibətlərini müttəfiqlik səviyyəsinə çatdırıb.

"Bu isə o deməkdir ki, biz həm də gələcəkdə ölkələrimizə qarşı yönəlmiş xarici təhdidlərin, xarici təhlükələrin də aradan qaldırılması istiqamətində bir yumruq kimi birləşəcəyik", - deyə Sahil Kərimli bildirib.

Siyasi şərhçinin sözlərinə görə, mövcud şəraitdə qardaş ölkələr və Türk dünyası daha sıx təşkilatlanmalı, siyasi, iqtisadi və hərbi baxımdan bir araya gəlməlidir.

"Biz bu gün təşkilatlanmalıyıq, bir nöqtəyə vurmalıyıq, həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan bir yerə cəmləşməliyik ki, bütün problemləri vaxtında həll edə bilək", - S.Kərimli əlavə edib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)