Həsrət Məmmədyarov vəfat etdi

1 Sentyabr 2026 16:08

Qadın güləşi üzrə Azərbaycan milli komandasının məşqçisi Həsrət Məmmədyarov vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

67 yaşlı "Əməkdar məşqçi" bu gün dünyasını dəyişib. Mərhum dəfələrlə SSRİ və Azərbaycan çempionatlarının qalibi, SSRİ Silahlı Qüvvələrinin çempionu olub. Veteranlar arasında üçqat dünya çempionu titulunu qazanıb.

2008-ci ildən əvvəlcə sərbəst güləş, daha sonra qadın güləşi üzrə müxtəlif yaş qrupları üzrə milli komandalarımızda məşqçi kimi fəaliyyət göstərib. Onun uzun illər davam edən məşqçilik fəaliyyəti ərzində Azərbaycan güləşçiləri dünya və Avropa çempionatlarında, eləcə də Olimpiya Oyunlarında müxtəlif əyarlı medallar qazanıblar.

Qeyd edək ki, səmərəli fəaliyyətinə görə "Əməkdar məşqçi" fəxri adına layiq görülən Həsrət Məmmədyarov "Tərəqqi" medalı ilə də təltif olunub.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)