Le Pen hakimiyyətə gəlsə, hicab taxanları nə gözləyir?

1 Sentyabr 2026 14:15

Fransada sağçı Milli Birlik (RN) partiyasının deputatı Jan-Filip Tanqi 2027-ci il prezident seçkiləri ilə bağlı açıqlamaları ilə gündəmə gəlib.

Milli.Az xəbər verir ki, Tanqi BFMTV-nin efirində bildirib ki, Marin Le Penin RN-dən prezidentliyə namizəd olduğu seçkidə partiya qalib gələcəyi təqdirdə hicab taxan şəxslərə cərimə tətbiq olunması gündəmə gətiriləcək.

Deputat Fransada "İslam ideologiyasına qarşı mübarizə" aparılacağını deyib.

Tanqi Parisin şəhərətrafı ərazilərindən birində böyüdüyünü və burada illər ərzində ciddi dəyişikliklərin baş verdiyini bildirib. O, Fransada hicab taxan qadınların sayının artmasından narahatlığını ifadə edərək vəziyyətin "nəzarətdən çıxdığını" söyləyib.

Deputatın bu açıqlamaları ölkədə, xüsusilə solçu siyasətçilər arasında sərt reaksiyalara səbəb olub.

Qeyd edək ki, Fransada dövlət qulluqçularının dini simvollardan, o cümlədən hicabdan istifadəsinə dair məhdudiyyətlər uzun müddətdir qüvvədədir. 2004-cü ildən etibarən dövlət məktəblərində şagirdlərin nəzərəçarpan dini simvollar taxmasına da qadağa qoyulub.

Xatırladaq ki, Fransada növbəti prezident seçkilərinin ilk turunun 18 aprel, ikinci turunun isə 2 may 2027-ci ildə keçirilməsi planlaşdırılır. Hazırkı prezident Emmanuel Makron iki prezidentlik müddətini başa vurduğu üçün növbəti seçkidə namizədliyini irəli sürə bilməyəcək.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)