Əfsanəvi basketbolçu Maykl Cordanın uzun illərdir ictimaiyyət qarşısında görünməyən "Ferrari 550 Maranello" avtomobili satışa çıxarılacaq.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, 1997-ci il istehsalı olan nadir avtomobil sentyabrın 15-də "Joopiter" auksionunda yeni sahibini axtaracaq.
Maykl Cordan bu avtomobili 1997-ci ildə, "Çikaqo Bullz"un heyətində NBA çempionatında beşinci dəfə qalib gəldiyi dövrdə əldə edib. Avtomobilin üzərində "MJ 5" nömrə nişanı yerləşir. "Ferrari"nin yürüşü isə cəmi 6 400 mil, yəni təxminən 10 300 kilometrdir.
198 santimetr boyu olan Maykl Cordan üçün avtomobilin sürücü oturacağında xüsusi dəyişikliklər edilib. Oturacağın tənzimlənmə imkanları artırılıb və daha nazik üzlükdən istifadə olunub.
Maraqlıdır ki, avtomobil "Netflix"in "Son rəqs" sənədli filmində də nümayiş etdirilib. Bundan başqa, "Ferrari"nin dizaynı "Air Jordan XIV" krossovkalarının yaradılmasına ilham verib. Məhz həmin model ayaqqabı ilə Cordan 1998-ci il NBA finalının altıncı qarşılaşmasında meydana çıxaraq yadda qalan həlledici atışını edib.
Avtomobil 2002-ci ilin dekabrında satıldıqdan sonra uzun müddət onun harada olduğu məlum olmayıb. "Curated" şirkətinin həmtəsisçisi Con Temerian nadir avtomobili tapmaq üçün təxminən 10 il axtarış aparıb.
Nəticədə Maykl Cordanın "Ferrari"si Kaliforniyada yaşayan bir sahibdə aşkarlanıb.
Avtomobil 5,5 litrlik, 485 at gücünə malik atmosfer V12 mühərriki və altı pilləli mexaniki sürətlər qutusu ilə təchiz olunub.
Nadir avtomobilin hərracda 700 min dollardan 1,3 milyon dollaradək qiymətə satılacağı gözlənilir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)