Bu gün Trend Beynəlxalq İnformasiya Agentliyinin təsis edilməsinin 31-ci ildönümüdür. Bu onilliklər ərzində baş ofisi Bakıda yerləşən agentlik regionun ən böyük KİV-lərindən birinə çevrilib. Agentlik təkcə Azərbaycanda deyil, bütövlükdə Cənubi Qafqazda, Mərkəzi Asiyada, Türkiyədə və İranda baş verən hadisələri işıqlandırır.
Milli.Az xəbər verir ki, "Mediologiya" platformasının məlumatına görə, Trend BİA 2024 və 2025-ci illərin yekunlarına əsasən, Xəzər regionu və Mərkəzi Asiya ölkələrində ən çox istinad edilən informasiya agentliyi olub və 2026-cı ildə də liderliyini qoruyub saxlayır.
Bu gün Trend BİA müasir jurnalistikanın yüksək standartlarına uyğun inkişaf edərək, fəaliyyətini xəbərlərin hazırlanması və yayımı ilə məhdudlaşdırmır. Agentlik həm də texnoloji və analitik mərkəz, öz informasiya məhsullarını hazırlayan bir media qurumu kimi fəaliyyət göstərir. Trend-də insan və süni intellektin vahid idarəetmə sistemi çərçivəsində fəaliyyət göstərdiyi yeni redaksiya modeli formalaşıb. Süni intellektə əsaslanan redaktor xəbər redaksiyasının idarə edilməsində tamhüquqlu iştirakçıya çevrilərək informasiya axınını təhlil edir, daxil olan böyük həcmdə məlumatı izləməyə və redaksiya proseslərinə nəzarət etməyə kömək edir. Süni intellekt həmçinin yeni informasiya və analitik məhsulların hazırlanmasına, eləcə də agentliyin marketinq və kommersiya xidmətlərinin fəaliyyətinə cəlb olunub. Trend artıq çoxdan klassik informasiya agentliyi çərçivəsindən kənara çıxaraq intellektual ekosistemlər yaradan, abunə modellərini və interaktiv xidmətləri inkişaf etdirən rəqəmsal startapa çevrilib.
Trend BİA-nın xəbər terminalı istifadəçilərə iqtisadiyyat, energetika, nəqliyyat, maliyyə, investisiyalar, beynəlxalq münasibətlər və dövlət proqramları üzrə geniş həcmdə operativ və ixtisaslaşmış regional məlumat təqdim edən müasir və rahat rəqəmsal platformadır. Bununla yanaşı, agentliyin texniki xidməti tərəfindən istifadəçilər üçün maksimum çevik və rahat tarifləndirmə, həmçinin informasiya məhsullarının əldə edilməsi sistemi hazırlanıb. Süni intellektin imkanlarından istifadə etməklə qlobal informasiya agentliklərinə xas iki fərqli satış modelini birləşdirən unikal format hazırlanıb.
Müasir media bazarında klassik informasiya agentlikləri mövqelərini möhkəmləndirir. Bu tendensiya beynəlxalq informasiya məkanında da özünü göstərir: media sektoruna yönəldilən investisiyalarda klassik informasiya agentliklərinə maraq getdikcə artır. Onlar böyük həcmdə məlumat toplamalı, həmin məlumatları yoxlamalı və təhlil etməli, istifadəçiyə operativ şəkildə çatdırmalı, etibarlı məlumatı isə qərar qəbul etmək üçün effektiv alətə çevirməlidirlər. Məhz buna görə Trend-in xəbər və informasiya məhsullarının abunəçiləri arasında dünyanın müxtəlif ölkələrindən dövlət qurumları, diplomatik nümayəndəliklər, beynəlxalq təşkilatlar, analitik mərkəzlər, investisiya şirkətləri, banklar və iri biznes strukturları yer alır. Onlar sosial şəbəkələrdə yayılan təsadüfi məlumatlar və ya xəbər saytlarında dərc olunan yoxlanılmamış materiallar əsasında qərar qəbul edə bilməzlər. Etibar edilə biləcək mənbə mühüm əhəmiyyət daşıyır.
Media sənayesinin sürətlə dəyişdiyi bir dövrdə Trend 31 illiyini əldə etdiyi nəticələrə nəzər salmaqla yanaşı, gələcək inkişafının aydın istiqamətlərini müəyyənləşdirərək qeyd edir. Süni intellekt əsaslı texnologiyalar və genişlənən beynəlxalq fəaliyyət Trend-in ən məsuliyyətli qərarların qəbulunda etibarlı məlumat mənbəyi kimi tanınan beynəlxalq informasiya qurumu statusunu daha da möhkəmləndirir.
Trend BİA-nın Avropa və Asiyada getdikcə populyarlıq qazanan tamformatlı xarici layihələri də xüsusi diqqət çəkir. Bu layihələrə yerli auditoriyanın marağı getdikcə artır.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)