Prezident İlham Əliyev və Nikol Paşinyan TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı növbəti addımları müzakirə ediblər

31 Avqust 2026 15:40

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqton Sülh Zirvə görüşünün mühüm nəticələrindən biri olan "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun (TRIPP) həyata keçirilməsi ilə bağlı növbəti praktiki addımlar barədə müzakirə aparıb və TRIPP boyunca bağlantı layihələrinin əhəmiyyətini qeyd ediblər.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın Bişkekdə keçirilən görüşü ilə bağlı mətbuat üçün bəyanatda bildirilib.

"Liderlər parlamentarlar və vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı etimadın gücləndirilməsi və daha geniş sülh gündəliyinin dəstəklənməsinə verdikləri töhfələrini qeyd edərək, onların iştirakı ilə etimad quruculuğu üzrə təmasları müsbət dəyərləndirib", - bəyanatda qeyd olunub.

Bundan əlavə, Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan birbaşa ikitərəfli təmaslar vasitəsilə davamlı sülhün daha da möhkəmləndirilməsi, dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinin irəlilədilməsi və bağlantıların gücləndirilməsi istiqamətində addımları davam etdirmək barədə razılığa gəliblər.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)