Bakıda V Yubiley “Salam” Beynəlxalq Uşaq və Gənclər Film Festivalı başa çatıb - (Foto)

31 Avqust 2026 13:38

Nizami Kino Mərkəzində V yubiley SALAM Beynəlxalq Uşaq və Gənclər Film Festivalının təntənəli bağlanış mərasimi keçirilib.

Avqustun 24-dən 27-dək Bakıda keçirilən festival 440-a yaxın uşaq və yeniyetməni, kino sənayesinin nümayəndələrini, mədəniyyət xadimlərini, beynəlxalq qonaqları və xarici nümayəndə heyətlərini bir araya gətirib. Dörd gün ərzində iştirakçılar müxtəlif ölkələrin müasir kinematoqrafiyası ilə tanış olub, rejissor və aktyorlarla görüşüb, yaradıcı müzakirələrdə, ustad dərslərində və CINEMARATHON praktiki proqramında iştirak ediblər.

Festivalın son günü rejissor Elxan Cəfərovun "Akinak" tammetrajlı Azərbaycan bədii filminin müsabiqə nümayişi ilə başlayıb. Film Narimanfilm kinostudiyası tərəfindən Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) dəstəyi ilə istehsal olunub.

Nümayişdən sonra filmdə baş rolları canlandıran aktyorlar gənc tamaşaçılarla görüşüb və sual-cavab sessiyasında iştirak ediblər. İştirakçılar filmin ərsəyə gəlməsi, obrazlar üzərində iş, çəkiliş prosesinin xüsusiyyətləri və aktyorların çəkiliş təəssüratları ilə maraqlanıblar. Film auditoriyada böyük maraq və emosional reaksiya doğurub. Ekran əsərinin qəhrəmanları ilə birbaşa ünsiyyət imkanı isə festivalın son gününün ən yaddaqalan hadisələrindən birinə çevrilib.

Proqrama festivalın mentoru və rejissor İlkin Zəfərlinin çəkdiyi "İki daşın arasında" qısametrajlı filminin nümayişi də daxil olub. Nümayişdən sonra rejissor səhnəyə çıxaraq iştirakçıların suallarını cavablandırıb, filmin bədii ideyası və qısametrajlı kino üzərində işin xüsusiyyətləri barədə danışıb.

Bu cür görüşlər SALAM-ın əsas prinsiplərindən birini əks etdirir: kino ilə tanışlıq son titrlərlə yekunlaşmamalıdır. Festival üçün uşaqların izlədikləri filmləri müzakirə etməsi, müəlliflərə və yaradıcı heyətin üzvlərinə suallar verməsi, ekran əsərlərində qaldırılan mövzuları təhlil etməsi və şəxsi fikirlərini formalaşdırması xüsusi əhəmiyyət daşıyır.

Festivalın son gününün əsas hadisələrindən biri CINEMARATHON proqramının finalı olub. Festival müddətində komandalara bölünən iştirakçılar ideyanın və ssenarinin hazırlanmasından çəkiliş, montaj və filmin nümayişə hazırlanmasına qədər bütün əsas istehsal mərhələlərini keçiblər.

Sonuncu gün gənc kinematoqrafçılar Narimanfilm kinostudiyasının peşəkar montajçıları və SALAM-ın təşkilat komandasının nümayəndələri ilə birlikdə layihələrinin post-prodakşn mərhələsini başa çatdırıblar. Hazırlanan filmlər CINEMARATHON-un yekun nümayişi çərçivəsində böyük ekranda təqdim olunub.

Bu il proqramın mövzusu "Doğmalar arasında yad, yadlar arasında doğma" olub. İştirakçılar öz filmlərində bullinq, tənhalıq, cəmiyyət tərəfindən qəbul edilməmək, psixoloji təzyiq, insanın öz yerini axtarması, qarşılıqlı hörmət və fərdiliyin qəbul edilməsi kimi mühüm məsələlərə toxunublar.

Təqdim olunan qısametrajlı filmlər məzmunu, emosional dəqiqliyi və aktual sosial mövzuları ilə seçilib. Təşkilatçılar, xüsusilə SALAM-da ilk dəfə iştirak etməyən uşaqların peşəkar inkişafını qeyd ediblər. Gənc müəlliflər kadr kompozisiyası, dramaturgiya, montaj və vizual hekayəçiliklə daha inamlı işləməyi, həmçinin vəzifələri komanda daxilində daha səmərəli bölüşdürməyi və birgə yaradıcı qərarlar qəbul etməyi öyrəniblər.

CINEMARATHON-un yekun nümayişi göstərib ki, iştirakçılar artıq sadəcə praktiki tapşırıq yerinə yetirmir, öz nəsilləri üçün aktual olan mühüm problemlər haqqında danışmaq üçün kino dilindən getdikcə daha şüurlu şəkildə istifadə edirlər.

Günün kulminasiya nöqtəsi festivalın təntənəli bağlanış mərasimi olub. Tədbirin fəxri qonağı Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Səadət Yusifova olub. Mərasimdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA), Nizami Kino Mərkəzinin nümayəndələri, kino xadimləri, beynəlxalq qonaqlar, tərəfdaşlar, mentorlar, könüllülər və festival iştirakçıları da iştirak ediblər.

SALAM festivalının əsas xüsusiyyətlərindən biri müsabiqə proqramının baş münsiflərinin məhz uşaqlar və yeniyetmələr olmasıdır. Onlar filmləri qiymətləndirir, məzmununu müzakirə edir və ən güclü təəssürat yaradan ekran əsərlərini müəyyənləşdirirlər.

Festivalın "Ən yaxşı tammetrajlı film" nominasiyası üzrə baş mükafatına rejissor Anggi Friscanın "Tegar" adlı İndoneziya filmi layiq görülüb. Mükafatı rejissora Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Səadət Yusifova şəxsən təqdim edib.

Münsiflər heyətinin xüsusi mükafatına rejissor Elxan Cəfərovun "Akinak" Azərbaycan filmi layiq görülüb. Nizami Kino Mərkəzinin direktoru vəzifəsini icra edən Turan Məmmədli mükafatı filmin prodüseri Nəriman Məmmədova təqdim edib.

Festival təşkilatçılarının xüsusi mükafatını rejissorlar Magdalena Nieć və Mariusz Palejin "Oskar, Patka i Złoto Bałtyku" ("Oskar, Patka və Baltik qızılı") adlı Polşa filmi qazanıb.

SALAM festivalının təşkilat komitəsi və bütün komandası adından Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Səadət Yusifovaya festivala göstərdiyi diqqətə, bağlanış mərasimində şəxsən iştirakına, eləcə də uşaqların və gənclərin mədəni, yaradıcı və intellektual inkişafına yönələn təşəbbüslərə verdiyi dəstəyə görə dərin minnətdarlıq ifadə olunub.

Təşkilatçılar Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və Azərbaycan Respublikasının Kino Agentliyinə (ARKA) festivalın keçirilməsinə göstərdikləri dövlət və təşkilati dəstəyə görə səmimi təşəkkürlərini bildiriblər. Bu əməkdaşlıq sayəsində SALAM uşaqlara və yeniyetmələrə keyfiyyətli kinematoqrafiyaya çıxış, peşəkar yaradıcı ünsiyyət və kino sahəsində praktiki təcrübə qazandıran beynəlxalq mədəni-maarifləndirici platforma kimi inkişafını davam etdirir.

Bağlanış mərasimini festivalın baş meneceri Tamara Məmmədova yekunlaşdırıb. O, çıxışında iştirakçılara, beynəlxalq qonaqlara, dövlət qurumlarının nümayəndələrinə, kinematoqrafçılara, tərəfdaşlara, mentorlara, montajçılara, könüllülərə və yubiley festivalının hazırlanmasında və keçirilməsində əməyi olan bütün komandaya təşəkkür edib.

İştirakçılara müraciət edən Tamara Məmmədova festivalın simvolik yekununa çevrilən fikri səsləndirib:

"Biz sizə 'sağ ol' demirik. Biz sizə gələn il üçün 'salam' deyirik".

Festivalın başa çatması son dərəcə emosional anlarla yadda qalıb. İştirakçılar bir-birini qucaqlayıb, əlaqə məlumatlarını bölüşüb, yeni dostlarına təşəkkür edib və göz yaşlarını gizlətməyiblər. Onların bir çoxu üçün SALAM yalnız kino dünyası ilə tanışlıq deyil, həm də müxtəlif ölkələrdən olan həmyaşıdları ilə dostluq, qarşılıqlı hörmət və ünsiyyət məkanına çevrilib.

V yubiley SALAM Beynəlxalq Uşaq və Gənclər Film Festivalının təşkilatçısı Narimanfilm kinostudiyasıdır.

Festivalın baş sponsoru PASHA Holding-dir. SALAM Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) dövlət dəstəyi ilə keçirilib. Festivalın keçirilməsi üçün məkanı Nizami Kino Mərkəzi təqdim edib. Mədəni-maarifləndirici proqramın xüsusi tərəfdaşı isə Nine Senses İncəsənət Mərkəzi olub.

Təşkilatçılar yubiley festivalının yüksək təşkilati və məzmun səviyyəsində keçirilməsinə töhfə verən bütün tərəfdaşlara, dövlət qurumlarının nümayəndələrinə, beynəlxalq qonaqlara, kinematoqrafçılara, mentorlara, könüllülərə və iştirakçılara təşəkkürlərini bildirirlər.

Beşinci SALAM festivalı başa çatıb, lakin onun nəticələri dörd festival günü ilə məhdudlaşmır. Əldə olunan biliklər, kino sahəsində qazanılan ilk praktiki təcrübə, yeni tanışlıqlar, qurulan dostluq əlaqələri və iştirakçıların yaratdıqları filmlər gənc nəslin gələcək yaradıcı inkişafı üçün mühüm zəmin olacaq.

SALAM öz iştirakçıları ilə vidalaşmır. Festival onlara deyir: gələn il görüşənədək!

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az