Almaniyada maaşını ala bilməyən azərbaycanlı müdirini qaçırmaq istədi - (Video)

31 Avqust 2026 12:16

Almaniyada maaşını ala bilməyən 44 yaşlı azərbaycanlı şəxs müdirini qaçırmağa cəhd edib.

Milli.Az "RTL WEST" telekanalına istinadən xəbər verir ki, hadisə Vutterpal şəhərində baş verib.

Məlumata görə, həmyerlimiz 35 yaşlı digər bir azərbaycanlı ilə əlbir olaraq müdirini qaçırmaq barədə plan qurub. Lakin onun şəriki səhv adamı girov götürüb.

Hadisə zamanı onlar həmin şəxsi bıçaqla hədələyərək məcburən avtomobilə mindiriblər. Yolda maşını saxlayarkən o qaçmağa nail olub. İnsident anında girov yüngül xəsarətlər alıb.

Avqustun 28-də həmyerlilərimiz qaçırılma hadisəsi ilə bağlı Vutterpalda məhkəmə qarşısına çıxarılıblar.

Hər iki şəxs təhlükəli bədən xəsarəti yetirmək və azadlıqdan məhrumetmə ittihamları ilə müvafiq olaraq 1 il 7 ay və 1 il 6 ay müddətinə həbs cəzasına məhkum ediliblər.

Məsələ ilə bağlı digər detallar açıqlanmayıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)