Platini İnfantinonu istefaya çağırdı

31 Avqust 2026 09:45

UEFA-nın keçmiş prezidenti Mişel Platini FİFA rəhbəri Canni İnfantinonu istefa verməyə çağırıb.

Milli.Az xəbər verir ki, Platininin bu barədə fikirlərini "RMC Sport" yayıb.

Platini hesab edir ki, Canni İnfantino futbol qaydalarına əməl olunmasına nəzarət edən şəxs kimi özü də həmin qaydalara riayət etməlidir. O, FİFA prezidentinin bu baxımdan uğursuzluğa düçar olduğunu bildirib.

Platini xüsusilə dünya çempionatında reklam fasilələrinin tətbiqini, final görüşündə hissələrarası fasilənin uzadılmasını və ABŞ millisinin futbolçusu Folarin Balogunun qırmızı vərəqəsinin ləğvi məsələsini tənqid edib.

Onun sözlərinə görə, bu hallar Canni İnfantinonun qaydaların qarantı kimi mövqeyinə uyğun gəlmir və buna görə də FİFA prezidenti vəzifəsini tərk etməlidir.

Qeyd edək ki, Canni İnfantino daha əvvəl FİFA-nın əsas kişi və qadın turnirlərinin kommersiya hüquqlarını idarə edəcək "FIFA Forward Enterprise" adlı şirkətin yaradılmasını təklif edib. FİFA bu təşəbbüsün quruma 4,2 milyard dollaradək gəlir gətirə biləcəyini açıqlayıb.

Təklif UEFA, KONKAKAF, AFC və KONMEBOL da daxil olmaqla bir sıra futbol qurumlarının etirazı ilə qarşılaşıb. Buna baxmayaraq, Afrika Futbol Konfederasiyası, Argentina Futbol Assosiasiyası və bəzi digər milli federasiyalar İnfantinonun təşəbbüsünü dəstəkləyiblər.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)