Avqustun 30-da Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə klassik avtomobillərin sərgisi və yürüşü keçirilib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, gənclər və idman naziri Fərid Qayıbov, digər tanınmış şəxslər və səhər sakinləri iştirak ediblər.
Klassik avtomobillərin sərgisi və yürüşü bir sıra ölkələrdə olduğu kimi, Azərbaycanda da artıq ənənə halını alıb.
Dənizkənarı Milli Parkda klassik avtomobillərin nümayişi ilə başlayan tədbirdə 1986-cı ilədək istehsal olunan 100-dən çox avtomobil sərgilənib.
Bunlar tədbir üçün qeydiyyatdan keçən klassik avtomobillər, həmçinin Heydər Əliyev Mərkəzindəki daimi sərginin bəzi eksponatlarından ibarət nəqliyyat vasitələridir.
Bakı sakinlərinin hər zaman böyük maraqla qarşıladığı sərgi daha sonra retro avtomobillərin yürüşü ilə davam edib.
Paytaxtın əsas küçə və prospektindən keçən yürüş "Sea Breeze" ərazisində başa çatıb. "Marina Bay"də klassik avtomobillərin sərgisi Xəzərin sahilində retro ab-hava yaradıb.
Sərgidə müxtəlif dövrlərə aid avtomobillər nümayiş olunub. Onların arasında illərdir qorunub saxlanılan və sahibləri üçün xüsusi xatirə dəyəri daşıyan avtomobillər də var.
AZƏRTAC-a müsahibəsində klassik avtomobilin sürücüsü Nuhbala Dadaşov 1967-ci il istehsalı olan "Volqa QAZ-21" avtomobilinin onun ailəsi üçün xüsusi mənəvi əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, avtomobili atası həmin il martın 19-da Saratovdan gətirib.
"Biz uşaq olanda bu maşının başından ayrılmırdıq. Atam dünyasını dəyişib, amma bu avtomobil bizə onu xatırladır. Ona görə də maşını qoruyub saxlamışıq", - deyə N.Dadaşov bildirib.
O, qeyd edib ki, avtomobillə Azərbaycanda müxtəlif tədbir və sərgilərdə iştirak edir: "Haraya çağırırlarsa, gedirik. Abşeron yeməkləri, Novruz bayramı ərəfəsində şirniyyat və paxlava sərgiləri, müxtəlif digər tədbirlər olur. Mümkün qədər bu avtomobillə həmin tədbirlərdə iştirak edirəm. Abşeron camaatı bu maşını çox sevir".
N.Dadaşovun sözlərinə görə, klassik avtomobil şəhərdə də böyük maraq doğurur. "Bu gün 100-dək insan yaxınlaşıb şəkil çəkdirib. Yolda hərəkət edərkən də insanların maşının və bizim şəkillərimizi çəkdiyini görürəm", - deyə o əlavə edib.
Sərgiyə gələn ziyarətçilər də retro avtomobillərə böyük maraq göstəriblər.
Klassik avtomobillər sərgisinin ziyarətçisi Fidan Əfəndi AZƏRTAC-a müsahibəsində köhnə avtomobillərə xüsusi maraq göstərdiyini deyib. O, xüsusilə "Mercedes" markalı klassik modelləri sevdiyini və sərgidə nümayiş olunan avtomobilləri çox gözəl hesab etdiyini bildirib.
"Bu cür tədbirlərin ölkəmizdə keçirilməsi çox gözəldir. Sərgilər böyük maraq doğurur və biz hər dəfə bu günləri səbirsizliklə gözləyirik", - deyə F.Əfəndi vurğulayıb.
Retro avtomobillərin sahibləri üçün isə sərgi yalnız nəqliyyat vasitələrini nümayiş etdirmək deyil, həm də onların tarixini və şəxsi xatirələrini bölüşmək imkanı yaradıb.
Sərginin "Canlı əfsanə" nominasiyasının qalibi Röyanə Seyfəli AZƏRTAC-a müsahibəsində 1986-cı il istehsalı olan "Mercedes-Benz W126" S-Class avtomobili ilə ilk dəfə belə sərgidə iştirak etdiyini bildirib.
Onun sözlərinə görə, avtomobili xüsusi məqsədlə əldə etməyib, sadəcə bir xatirə olaraq qoruyub saxlayıb: "Belə bir həvəsim əvvəllər yox idi. Sadəcə xatirə olaraq saxlamışam və nəhayət, sərgidə iştirak edə bildim. Bu, mənim üçün çox xoşdur".
R.Seyfəli gələcəkdə də bu cür sərgilərdə iştirak etmək və avtomobilini nümayiş etdirmək istədiyini qeyd edib.
"Marina Bay"də keçirilən sərgidə yürüşdə iştirak edən avtomobil sahibləri arasından müxtəlif nominasiyalar üzrə qaliblər müəyyən edilərək mükafatlandırılıb.
Qaliblər "Sərginin veteranı", "Qızıl standart", "Canlı əfsanə", "Nadir incilər", "Dövrün stil ikonası", "Dövrün ruhu", "Vintaj zərifliyi", "Ənənələrin qoruyucusu", "Yarış əfsanəsi", "Dəmir aristokrat", "Zəhmətkeş əfsanə", "Xalqın sevimlisi", "Dövrün səsi" və "Zaman kapsulu" nominasiyaları üzrə müəyyənləşdirilib.
Qonaqlara musiqi proqramı da təqdim edilib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)