"Araz-Naxçıvan"ın UEFA Futzal Çempionlar Liqasının əsas mərhələsində yer aldığı 5-ci qrupun bütün iştirakçıları müəyyənləşib.
Milli.Az xəbər verir ki, ilkin mərhələnin oyunlarından sonra C qrupunun qalibi "Buba Mara" (Bosniya və Herseqovina) və D qrupunun lideri "Uypeşt" (Macarıstan) Naxçıvan təmsilçisinin rəqibləri olub.
Püşkatmanın nəticəsinə əsasən, 5-ci qrupa E qrupunun qalibi də qoşulmalı idi. Lakin həmin qrupda Ermənistan çempionu "Unisport" birinci yeri tutub.
UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Azərbaycan və Ermənistan təmsilçiləri eyni qrupda yer ala bilmədikləri üçün E qrupunun deyil, D qrupunun qalibi 5-ci qrupa vəsiqə qazanıb.
Beləliklə, Polşada keçiriləcək əsas mərhələdə "Araz-Naxçıvan"la yanaşı, "Piast" (Polşa), "Buba Mara" (Bosniya və Herseqovina) və "Uypeşt" (Macarıstan) mübarizə aparacaqlar.
Qeyd edək ki, "Araz-Naxçıvan" turnirdə 21-ci dəfə iştirak edəcək. Naxçıvan təmsilçisi bu göstəriciyə görə yalnız Qazaxıstanın "Kayrat" klubundan geri qalır.
Turnirin əsas mərhələsinin oyunları oktyabrın 27-dən noyabrın 1-dək Polşada keçiriləcək.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)