ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni müharibənin əvəzinə bu ölkənin iqtisadi çöküşünü təmin etmək istəyir. Ağ Ev bu məqsədlə İrana qarşı yeni sanksiyalar paketi qəbul edib. ABŞ eyni zamanda hərbi gəmiləri vasitəsilə Hörmüz boğazının girişinə və çıxışa nəzarəti gücləndirib. Pentaqondan yayımlanan açıqlamaya görə, ABŞ hərbi gəmiləri Hörmüz boğazını minalardan təmizləyiblər. Bundan başqa ABŞ-ın Hörmüz boğazından neft və sıxılmış qaz daşıyan tankerlərin təhlükəsizliyini təmin etdiyi bildirilib. Halbuki SEPAH generalları bu məlumatları təkzib ediblər.
Milli.Az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlunun şərhində bildirilib.
Politoloq qeyd edib ki, Donald Tramp İranla yanaşı, bu ölkə ilə müxtəlif formalarda əməkdaşlıq edən ölkə və şirkətləri cəzalandıracaqlarını da açıqlayıb:
"Siyahıda ilk sırada Çin gəlir. Donald Tramp İranla əməkdaşlıq edən Çin banklarına qarşı sanksiyaların tətbiq oluna biləcəyinə işarə edib. Tramp jurnalistin mövzuyla bağlı sualına cavab olaraq İranla əməkdaşlıq edən Çin şirkət və banklarının sanksiyalardan kənarda qalmayacağını vurğulayıb.
Çin rəsmiləri Trampın açıqlamasına sərt reaksiya veriblər. Pekin İranla əməkdaşlığa davam edəcəyini bildirib. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian Pekində keçirilən brifinqdə ABŞ-ın yeni sanksiyalarına münasibət bildirərək Çinin birtərəfli sanksiyalara qarşı olduğunu deyib. Onun sözlərinə görə, bu cür addımlar münaqişələrin daha da genişlənməsi riskini artırır.
Xarici İşlər Nazirliyinin sözçüsü ölkəsinin tərəflər arasında gərginliyin danışıqlar yolu ilə həllinə tərəfdar olduğu fikrini təkrarlayıb. Pekin Trampın hədəsi qarşısında geri çəkilərsə, bu, Çinin nüfuzunə zərbə vuracaq. Çin İran neftinin əsas alıcılarından biridir. Pekin Tehranla enerji və ticarət əlaqələrindən imtina etməyəcək.
Tramp avqustun 20-də verdiyi açıqlamada İrana qarşı beynəlxalq təcrid məqsədi daşıyan genişmiqyaslı iqtisadi kampaniyanın başladığını elan etmişdi. O, həmçinin söyləmişdi ki, maliyyə qurumlarına, şirkətlərinə, hava limanlarına və ya dövlət qurumlarına İranı dəstəkləməyə icazə verən ölkələr ciddi iqtisadi nəticələrlə üzləşəcəklər.
Vaşinqtonun hədəsinə Tehran da hədə ilə cavab verib. İran Xarici İşlər Nazirliyinin yayımladığı bəyanatda bütün müstəqil ölkələrin ABŞ-ın İrana qarşı iqtisadi müharibəsində iştirakdan imtina etməsi və istənilən sanksiyanı rədd etməsi gərəkliyi vurğulanıb. SEPAH komandanlığının hədəsi daha sərtdir. İran generalları ABŞ-ın sanksiyasina riayət edən ölkələri hədəf seçəcəklərini açıqlayıblar".
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)