“Əsrin oğurluğu”: Kraliçanın 673 brilyantlı boyunbağısı yoxa çıxdı - (Foto)

30 Avqust 2026 17:38

Avstriyanın paytaxtı Vyanada yerləşən Tətbiqi İncəsənət Muzeyində (MAK) milyonlarla dollar dəyərində nadir zinət əşyası oğurlanıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, BBC-nin məlumatına görə, iki kişi adi ziyarətçi kimi bilet alaraq muzeyə daxil olub. Onlar sərginin keçirildiyi zala yaxınlaşaraq şüşə vitrini sındırıb və içəridəki qiymətli boyunbağını götürərək hadisə yerindən qaçıblar. Şübhəlilər təhlükəsizlik kameralarına düşüblər və Avstriya polisi onların axtarışını aparır.

Oğurlanan zinət əşyası platin üzərində 673 brilyantdan hazırlanıb. Brilyantların ümumi çəkisi 200 karatdan çoxdur. Boyunbağının dəyərinin 4 milyon dollardan artıq olduğu bildirilir. Zinət əşyası 2015-ci ildə "Sotheby's" hərracında 4,3 milyon dollara satılmışdı.

Boyunbağının tarixi Misir kral ailəsinə gedib çıxır. "Van Cleef & Arpels" tərəfindən 1939-cu ildə hazırlanan zinət əşyasını Misir kraliçası Nazlı Sabri qızı şahzadə Fövziyyənin İranın vəliəhdi, sonradan şah olan Məhəmməd Rza Pəhləvi ilə toyunda taxıb.

Hadisə avqustun 27-də muzeyin ziyarətçilər üçün açıq olduğu vaxt baş verib. Polis oğurluqdan sonra genişmiqyaslı axtarış başladıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Oğurlanan boyunbağı MAK-da keçirilən və Fransanın məşhur "Van Cleef & Arpels" zərgərlik evinin əsərlərinin nümayiş etdirildiyi sərginin ən qiymətli eksponatlarından biri idi.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)