Tayvan Çinlə mümkün hərbi qarşıdurma fonunda Penhu arxipelaqının müdafiəsini təcili şəkildə gücləndirir. Mütəxəssislər bu ərazini adanın əsas müdafiə xəttlərindən biri hesab edirlər.
Milli.Az "Reuters"ə istinadən xəbər verir ki, Çin Tayvanı ələ keçirmək üçün hərbi əməliyyata başlayacağı təqdirdə, Penhu arxipelaqının hücumun ilk hədəflərindən biri ola biləcəyi bildirilir.
Qeyd olunur ki, Penhu təxminən 90 adadan ibarətdir və Tayvanın cənub-qərb sahillərindən təxminən 50 kilometr məsafədə yerləşir.
Təhlükəsizlik üzrə ekspertlərin fikrincə, Çin qüvvələri Tayvanın əsas adasına hücum etməyə cəhd göstərərsə, Penhu arxipelaqının müdafiəsi Tayvan ordusuna müqaviməti təşkil etmək üçün əlavə imkanlar yarada bilər.
Tayvanın Milli Müdafiə və Təhlükəsizlik Tədqiqatları İnstitutunun tədqiqatçısı Su Tsiyun bildirib ki, Penhu istiqamətində hərəkət edən Çin gəmiləri arxipelaqda yerləşdirilən raket sistemlərinin hədəfinə çevrilə bilər.
Onun sözlərinə görə, bu səbəbdən Çin ordusu əsas adaya hücumdan əvvəl Penhu arxipelaqına qoşun çıxarmağa məcbur qala bilər.
Məlumata görə, Tayvan Hərbi Dəniz Qüvvələri və Sahil Mühafizəsi ilk dəfə arxipelaqda gəmiəleyhinə və desant əleyhinə əməliyyatlar üçün "Hsiung Feng" raket sistemlərinin buraxılış qurğularını yerləşdirib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)