Nepalda baş verən dağıdıcı sel və daşqınlar nəticəsində ölənlərin sayı 626-ya yüksəlib.
Milli.Az CNN-ə istinadən xəbər verir ki, bundan əvvəl ölənlərin sayının 579 olduğu, 2 mindən çox şəxsin isə itkin düşdüyü bildirilmişdi.
Fəlakət Nepal-Çin sərhədində buzlaqın çökməsi nəticəsində yaranan güclü selin ardınca baş verib. Güclü su axını və palçıq kütləsi yaşayış məntəqələrini, yolları, körpüləri və enerji infrastrukturu obyektlərini dağıdıb.
Hazırda bölgədə axtarış-xilasetmə və humanitar yardım əməliyyatları davam etdirilir. Rəsmilər itkin düşən şəxslərin axtarışının çətin relyef və dağıdılmış infrastruktur səbəbindən mürəkkəb olduğunu bildirirlər.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)