ABŞ və Meksika arasında ticarət danışıqlarında pendir məhsullarının adlandırılması ilə bağlı fikir ayrılığı yaranıb.
Milli.Az xəbər verir ki, "Reuters" bu barədə Meksika hökumətindəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Vaşinqton Meksikanın Avropa İttifaqı ilə yeni ticarət sazişinə qarşı çıxır. Sənəddə coğrafi mənşə ilə bağlı ad daşıyan yüzlərlə Avropa məhsulunun, o cümlədən "Parmigiano-Reggiano", "Feta" və "Mançeqo" pendirlərinin xüsusi qorunması nəzərdə tutulur.
Razılaşmaya əsasən, qaydaların pozulması halında Avropa İttifaqına hüquqi müstəvidə tədbir görmək imkanı da verilir.
ABŞ hesab edir ki, may ayında imzalanan bu razılaşma amerikalı istehsalçıların Meksika bazarında "Parmezan" və "Feta" adları ilə pendir satmasına mane ola bilər.
Vaşinqton uzun müddətdir sözügedən adların ümumi xarakter daşıdığını müdafiə edir. Avropa İttifaqı isə "parmezan" adının yalnız İtaliyanın şimalında istehsal olunan "Parmigiano-Reggiano", "feta" adının isə Yunanıstanın müəyyən bölgələrində hazırlanan məhsullara aid olduğunu bildirir.
ABŞ Süd Məhsulları İxracı Şurasının icraçı vitse-prezidenti Ceymi Kastaneda Meksikanın mövqeyini tənqid edib. O bildirib ki, Meksika həm ABŞ, həm də yerli istehsalçıların ümumi qəbul edilən məhsul adlarından istifadə etməklə bazara çıxış imkanlarını qorumağa çalışmalıdır.
Hazırda Vaşinqton və Mexiko arasında müvəqqəti ticarət sazişinin hazırlanması ilə bağlı mürəkkəb danışıqlar davam edir. Tərəflər eyni zamanda ABŞ, Meksika və Kanada arasında qüvvədə olan USMCA sazişinin müddətinin uzadılmasını da müzakirə edirlər.
Qeyd edək ki, Meksika dünyada pendir istehlakının ən yüksək olduğu ölkələrdən biridir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)