“Formula 1”də Qətər və Əbu-Dabi Qran-priləri ilə bağlı qərar sentyabrda veriləcək

22 Avqust 2026 17:28

"Formula 1" rəhbərliyi mövsümün sonlarına doğru Qətər və BƏƏ-də keçirilməsi planlaşdırılan yarışlarla bağlı yekun qərarı sentyabr ayında açıqlamağı düşünür.

Milli.Az xəbər verir ki, "Formula 1"in prezidenti və icraçı direktoru Stefano Domenikalinin sözlərini "Motorsport Nextgen Auto" nəşri yayıb.

Stefano Domenikali bildirib ki, təşkilatçılar Yaxın Şərqdəki vəziyyəti diqqətlə izləyir və qərar vermək üçün mümkün qədər çox vaxt qazanmağa çalışırlar. Onun sözlərinə görə, Qətər və Əbu-Dabidə yarışların keçirilib-keçirilməyəcəyi ilə bağlı açıqlamanın sentyabrın ortalarından sonra verilməsi gözlənilir.

Qeyd edək ki, "Formula 1" regionda yaranmış vəziyyət səbəbindən mart ayında Bəhreyn və Səudiyyə Ərəbistanı Qran-prilərinin keçirilməsindən imtina edib. Apreldə nəzərdə tutulan Bəhreyn mərhələsinin daha sonra Malayziyaya köçürüldüyü açıqlanıb.

Domenikali mümkün alternativ plan barədə də danışıb. O bildirib ki, Yaxın Şərqdə yarışların təşkili mümkün olmasa, çempionatın son mərhələləri Avropadakı traslarda keçirilə bilər.

"Formula 1" rəhbərinin sözlərinə görə, hazırda bir neçə fərqli ssenari üzərində iş aparılır və konkret qərar vermək üçün hələ tezdir.

Hazırkı təqvimə əsasən, Qətər Qran-prisi 27-29 noyabr, Əbu-Dabi Qran-prisi isə 4-6 dekabr tarixlərində keçirilməlidir. Bu iki mərhələnin mövsümün son yarışları olması planlaşdırılır.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)