UEFA Avropa Liqasının pley-off mərhələsində "Ferensvaroş"a ağır məğlubiyyət "Trabzonspor"da gözlənilməz qərara səbəb olub.
Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Budapeştdə keçirilən cavab görüşündə "Trabzonspor" rəqibinə 0:4 hesabı ilə uduzub. İlk matçda da 0:1 hesabı ilə məğlub olan Türkiyə klubu Avropa Liqasının əsas mərhələsinə vəsiqə qazana bilməyib.
Qarşılaşmadan sonra komandanın baş məşqçisi Fatih Tekke canlı yayımda istefa verdiyini açıqlayıb. 49 yaşlı mütəxəssis 18 aydır rəhbərlik etdiyi vəzifədən ayrıldığını bildirib.
Tekke məğlubiyyətin onun üçün olduqca ağır olduğunu vurğulayıb. O, komandasının uğursuzluğuna görə məsuliyyəti öz üzərinə götürdüyünü və bu nəticə ilə rahat şəkildə barışa bilmədiyini deyib.
"Bəzi matçlar insanı çox yaralayır. Biz də belə oyunlardan birini yaşadıq. Bugünkü məğlubiyyət qəbuledilməzdir. Mən belə yata bilmirəm. Əlimizdən gələni etdik", - deyə mütəxəssis bildirib.
Qeyd edək ki, Fatih Tekke istefasını açıqlasa da, "Trabzonspor" rəhbərliyinin onun qərarı ilə razılaşmadığı və mütəxəssisin vəzifədən ayrılmasına qarşı çıxdığı bildirilir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)