Çindən "Youtube"a rəqib: Bilibili - (Foto)

28 Avqust 2026 09:45

Çinin məşhur video platformalarından olan "Bilibili" beynəlxalq bazarda fəaliyyətini genişləndirmək qərarına gəlib.

Milli.Az xəbər verir ki, şirkət qlobal istifadəçilər üçün nəzərdə tutulan tətbiqini yenidən istifadəyə verib. Bununla yanaşı, ABŞ, Yaponiya, Böyük Britaniya, Meksika, Braziliya və Türkiyə də daxil olmaqla bir sıra ölkələrdə yeni əməkdaşlar üçün vakansiyalar açılıb.

Bilibili-nin beynəlxalq platformasında istifadəçilər üçün şəxsiyyət təsdiqi tələbinin ləğv edildiyi bildirilir. Şirkət həmçinin qlobal auditoriyaya xidmət göstərəcək süni intellekt əsaslı məzmun moderasiyası sistemləri üzərində çalışır.

Məlumata görə, Bilibili-nin Çin versiyasının aylıq aktiv istifadəçilərinin sayı 2025-ci ilin III rübündə 376 milyona çatıb. Bu auditoriyanın təxminən 86 faizini Z nəslinin nümayəndələri təşkil edib.

Şirkət hazırda Çində formalaşdırdığı modeli beynəlxalq bazarlara da tətbiq etməyə və xüsusilə gənc istifadəçilərlə kontent yaradıcılarını platformaya cəlb etməyə çalışır.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)