"Sabah"ın yarımmüdafiəçisi Aleksey İsayev komandasının UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması ilə bağlı hisslərini bölüşüb.
Milli.Az xəbər verir ki, "Çempionat" nəşrinə danışan İsayev 90+4-cü dəqiqədə vurulan qoldan sonra yaşadıqlarını belə təsvir edib:
"Qolu vuranda sanki hər şey yavaş çəkilişdə baş verirdi. Hətta videoda da görünür ki, digərləri kimi dəli kimi sevinməyə qaçmıram. Uşaqlar qaçdı, mən isə sanki donub qalmışdım. Elə bil yuxu görürdüm. Həmin qol bizə əlavə güc verdi.
Əlavə vaxtda standart vəziyyətdən topu cərimə meydançasına göndərəndə uzaqdan mənə elə gəldi ki, Orfe Mbina topa düzgün zərbə vura bilmədi. Sonra baxdım ki, hamı qaçır, amma nə baş verdiyini anlamıram. Cəmi 15 dəqiqə ərzində iki dəfə dünya gözümün önündə dayandı.
Final fitindən sonra isə böyük rahatlıq və göz yaşları... Özümə söz vermişdim ki, Çempionlar Liqasında oynayacağam. İki il bunun üçün çalışdım və nəhayət, buna nail oldum".
Qeyd edək ki, "Sabah" Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda İsrailin "Hapoel" (Beer-Şeva) klubunu əlavə vaxtda 5:2 hesabı ilə məğlub edərək turnirin Liqa mərhələsinə yüksəlib. (qol.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)