Avqustun 27-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Milli.Az xəbər verir ki, görüşdə Azərbaycan-Gürcüstan münasibətlərinin dərin tarixi köklərə, qarşılıqlı etimad və sarsılmaz dostluğa əsaslandığı, hər iki ölkə prezidentinin nümayiş etdirdiyi siyasi iradə və strateji baxış sayəsində əlaqələrin bütün istiqamətlərdə yüksələn xətlə inkişaf etdiyi vurğulanıb. Qeyd olunub ki, Azərbaycan və Gürcüstan arasında mövcud yüksək səviyyəli əməkdaşlıq regionda sülh və təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verir və dini sahədə birgə layihələrin bundan sonra da uğurla davam etdirilməsi üçün geniş imkanlar yaradır.
Görüş zamanı, həmçinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyi nümunəvi dövlət-din siyasəti nəticəsində ölkəmizdə müxtəlif dinlərin, məzhəblərin və etnik qrupların dinc yanaşı və qarşılıqlı hörmət şəraitində birgə yaşamasının təmin olunduğu bildirilib. Bütün dini konfessiyaların, o cümlədən gürcü pravoslav xristian dini icmasının nümayəndələrinin dini etiqad azadlığının qanunvericiliklə tam təmin edildiyi, onların dini ayin və ibadətlərini sərbəst həyata keçirmələri üçün zəruri şəraitin yaradıldığı diqqətə çatdırılıb.
Gürcüstan nümayəndə heyətinin üzvləri Azərbaycan-Gürcüstan münasibətlərinin mövcud yüksək səviyyəsindən məmnunluğunu ifadə edərək, ölkələr arasında dini sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini qeyd ediblər. Gürcüstanda yaşayan azərbaycanlıların milli-mənəvi və dini dəyərlərinin qorunması istiqamətində görülən işlərin təqdirəlayiq olduğu vurğulanıb.
Görüşdə qarşılıqlı əməkdaşlığın intensivləşdirilməsi, təcrübə mübadiləsinin gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)