Səhərlər zəngli saata ehtiyac qalmayacaq: Bədəni buna öyrədin

27 Avqust 2026 15:06

Bədəni müəyyən vaxtda öz-özünə oyanmağa öyrətmək səhər yuxululuğunu azaltmağa və əhval-ruhiyyəni yaxşılaşdırmağa kömək edə bilər.

Milli.Az xəbər verir ki, "BBC"nin məlumatına görə, yetkin insanların sağlamlıq baxımından gecə 7-9 saat yatması tövsiyə olunur.

Mütəxəssislər bildirirlər ki, zəngli saatdan istifadə etməyə ehtiyac olmayan istirahət dövrü insanın özünə uyğun oyanma vaxtını müəyyənləşdirməsi üçün yaxşı fürsətdir.

Bunun üçün əsas amillərdən biri müntəzəm yuxu rejimidir. Hər gün eyni vaxtda yatmaq və kifayət qədər yuxu almaq orqanizmin daxili saatının formalaşmasına kömək edir.

Mütəxəssislərin fikrincə, işıq da sirkadiyalı ritmin əsas tənzimləyicilərindəndir. Təbii işıq orqanizmə oyanmaq vaxtının gəldiyi barədə siqnal verir. Buna görə səhər yuxudan oyandıqdan sonra pərdələri açmaq və gün işığından faydalanmaq tövsiyə olunur.

Gecə isə otağın qaranlıq olması vacibdir. Qaranlıq pərdələrdən və göz maskasından istifadə etmək yuxuya hazırlığı asanlaşdıra bilər.

Smartfonlardan istifadə də yuxu rejiminə mənfi təsir göstərə bilər. Telefon ekranlarından yayılan mavi işıq gecə saatlarında beyinə gündüzlə bağlı siqnallar göndərə bilər. Bundan əlavə, sosial şəbəkələrdə uzun müddət vaxt keçirmək insanın yuxuya getməsini gecikdirə bilər.

Mütəxəssislər yatmazdan əvvəl sakitləşdirici rutin yaratmağı, axşam saatlarında işığı azaltmağı və telefon istifadəsini məhdudlaşdırmağı məsləhət görürlər.

Yuxu rejimini dəyişmək istəyənlərə isə bunu tədricən etmək tövsiyə olunur. Mütəxəssislərin sözlərinə görə, yatmaq və oyanmaq vaxtını hər gün təxminən 30 dəqiqə əvvəl çəkmək və istənilən saata çatdıqdan sonra həmin rejimi qorumaq daha effektivdir.

Beləliklə, orqanizmin daxili saatını düzgün qurmaqla səhərlər zəngli saatdan asılılığı azaltmaq və daha rahat oyanmaq mümkün ola bilər.

Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)