Türkiyənin Trabzon şəhərində fındıq istehsalçıları məhsulun qiymətindən narazılıqlarını sərt formada ifadə ediblər.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, fındığın satış qiymətinin gözləntiləri qarşılamadığını bildirən bəzi sakinlər buna etiraz olaraq bağlarındakı fındıq ağaclarını baltayla kəsiblər.
İstehsalçıların bu addımı sosial şəbəkələrdə yayılan görüntülərlə gündəmə gəlib və geniş müzakirələrə səbəb olub. Videolarda sakinlərin qulluq etdikləri fındıq ağaclarını kəsdiyi görünür.
Hadisə istifadəçilər arasında müxtəlif reaksiyalar doğurub. Bəziləri istehsalçıların qiymətlərdən narazılığını anlayışla qarşılasa da, ağacların məhv edilməsini tənqid edənlər də olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)