ABŞ-dəki Cənubi İllinoys Universitetinin (SIU) tədqiqatçıları plastik tullantıları və kənd təsərrüfatı tullantılarını yeyinti məhsuluna çevirən yeni bir sistem hazırlayıblar.
Milli.Az xəbər verir ki, Amerikan Kimya Cəmiyyətinin təşkil etdiyi simpoziumda təqdim edilən araşdırmaya görə, "Bites" (mikro-dişləmlər) adlandırılan peçenyelər NASA-nın Dərin Kosmos Qidası Müsabiqəsi çərçivəsində başladılan araşdırmaların nəticəsində ortaya çıxıb.
İnkişaf etdirilmiş üsul çərçivəsində Polietilen Tereftalat (PET) plastikləri ilə qarğıdalı gövdəsi və yarpağı kimi kənd təsərrüfatı tullantıları oksigen və su istifadə olunaraq yüksək istilik və təzyiq altında karbon struktur vahidlərinə parçalanıb.
Əldə edilən maye xammal xüsusi olaraq yetişdirilən maya kulturlarına verilərək qidalı qida sıyığına çevrilib.
Tədqiqatçılar zülal, yağ, vitamin, dad və qoxu istehsal edə bilən müxtəlif maya növlərini genetik olaraq dizayn ediblər. Məsələn, bir maya növü vanil dadı və qoxusu təmin edən vanilin istehsal edib, digəri kökə narıncı rəng verən və bədənin A vitamininə çevirdiyi beta-karotin pigmentini təmin edib.
Komponentlərin qarışdırılması ilə əldə edilən xəmir üçölçülü (3D) qida printerlərində şəkilləndirildikdən sonra mikrodalğalı sobada bişirilərək peçenye formasına gətirilib.
Laboratoriya analizlərində toksik kimyəvi maddəyə, ağır metal və qida patogeninə rast gəlinməyib, dad sınaqlarından əvvəl simulyasiya edilmiş həzm tədqiqatları və təhlükəsizlik testləri davam etdirilir.
Mövcud vəziyyəti ilə tullantılardakı karbonun 50 faizindən çoxunu qidaya çevirə bilən və 1-2 gün davam edən sistemin səhra, qütb, sualtı və ya fəlakət bölgələri kimi çətin şərtlərlə yanaşı gələcəkdə Ay və Mars missiyalarında da istifadə oluna biləcəyi qiymətləndirilir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)