"O vaxt qadınlar müğənni olmağa utanırdılar. İndiki efirlər onlara yol açıb, ağuşuna aldı. Ona görə də hamı da müğənni olmaq istəyir. O vaxt sənətkar az idi, barmaqla göstərirdilər. İndi xanım sənətçilər hamısı bir-birinə oxşayır. Burun, dodaq eynidir. Bilmirsən bu hansıdır, o hansıdır? Sənətkarın özünəməxsusluğu olmalıdır da. Bunlar simalarını dəyişiblər".
Milli.Az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Xalq artisti, ustad tarzən Vamiq Məmmədəliyev deyib.
O, daha sonra əlavə edib:
"O vaxtı da ara oxuyanları olub. Onlar utanıblar ki, xanəndələrin yanında efirə çıxsınlar. Sonrakı dövrlərdə də bayağılıq olub. Yadımdadır ki, Filarmoniya bağında musiqiçilər yığışardılar, həvəskar, özfəaliyyət oxuyanları bir tərəfdə oturardılar. Peşəkar musiqiçilərə, müğənnilərə qarışmazdılar. Utanardılar bu tərəfə gəlməyə. Hörmət, izzət var idi. Radioda xüsusi senzura var idi. Elə bayağı müğənnilər var idi ki, təhsilləri də yox idi. Əsas təhsil götürülürdü.. Düzdür, əvvəlki xanəndələrin təhsilləri olmayıb, amma sənətləri çox üstün olub. Bədii şura var idi. Biz onları heç sənətkar saymırdıq. Sonradan artıq xalqın sevimlisinə çevrildilər".
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)