Aldadıcı başlığa görə jurnalistlər saxlanıldı - (Foto)

26 Avqust 2026 12:36

Türkiyənin Aydın şəhərində fəaliyyət göstərən "Denge" qəzetinin sosial media hesabında yayımlanan paylaşım araşdırmaya səbəb olub.

Milli.Az xarici mediaya istinadən xəbər verir ki, qəzetin "Facebook" səhifəsində qara fonda "Ərdoğan vəfat etdi" ifadəsinin yer aldığı foto paylaşılıb. Paylaşım sosial şəbəkədə sürətlə yayılıb və bəzi istifadəçilər bunun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vəfatı ilə bağlı olduğunu düşünüblər.

Lakin sonradan məlum olub ki, paylaşım Gülşen Ərdoğan adlı vətəndaşın ölüm xəbəri ilə bağlı olub.

Hadisə ilə əlaqədar Aydın Baş Prokurorluğu tərəfindən Türkiyə Cinayət Məcəlləsinin 217/A maddəsi çərçivəsində, "xalqı yanıltıcı məlumatı açıq şəkildə yayma" ittihamı üzrə araşdırma başladılıb.

İstintaq çərçivəsində qəzetin məsul şəxsləri və əməkdaşlarının müəyyən edilərək ifadələrinin alınması istiqamətində tədbirlər görüldüyü bildirilir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Jurnalistlər aldadıcı başlığa görə saxlanıldı - FOTO