Tuna balığı və ya qızılbalıq deyil: Ən sağlam konservləşdirilmiş balıq bəlli oldu

25 Avqust 2026 23:14

Konservləşdirilmiş balıq deyildikdə ilk ağla gələn seçimlər adətən tuna balığı və qızılbalıq olsa da, qida dəyəri baxımından başqa bir növ önə çıxıb. Elmi məlumatlar sardinanın yüksək omeqa-3, zülal və kalsium tərkibi ilə yanaşıaşağı civə səviyyəsi ilə güclü bir seçim olduğunu göstərir.

Milli.Az xəbər verir ki, sardina, xüsusilə kiçik balıq olması səbəbindən tuna balığı kimi daha böyük növlərlə müqayisədə civə baxımından sərfəli seçimlər sırasındadır. Üstəlik, konservləşdirilmiş sardinanın yumşalan sümükləri də yeyilə bildiyi üçün əhəmiyyətli miqdarda kalsium təmin edir. Qızılbalıq da omeqa-3 baxımından olduqca güclü seçimdir, sardina omeqa-3 ilə kalsiumu bir arada təqdim etməsi ilə seçilir.

Sardinanın ən güclü tərəflərindən biri EPA və DHA adlanan omeqa-3 yağ turşularıdır. Son araşdırmada konservləşdirilmiş sardinanın bu yağ turşuları baxımından olduqca zəngin olduğu, eyni miqdarda omeqa-3 əldə etmək üçün bəzi konservləşdirilmiş tuna balığı növlərindən daha çox istehlak etmək lazım olduğu müəyyən edilib. Qızılbalıq isə sardina kimi omeqa-3 baxımından güclü seçimlərdən biri olmağa davam edir.

Zülal baxımından hər üç balıq yaxşı mənbələr arasındadır. Tuna balığı xüsusilə yüksək zülal və aşağı yağ nisbəti ilə seçilir, sardina isə buna omeqa-3 və yüksək kalsium tərkibini də əlavə edir. Təqribən 85 qram sardina 21 qram civarında zülal təmin edir, yeyilə bilən sümükləri sayəsində gündəlik kalsium ehtiyacının üçdə birindən çoxunu qarşılayır.

2026-cı ildə aparılan müstəqil konservləşdirilmiş balıq testlərində bəzi ağ tuna balığı məhsullarında yüksək, bəzi tuna balığı məhsullarında isə orta səviyyədə civə aşkar edilib.

Bu səbəbdən tuna balığı zülal baxımından, qızılbalıq isə omeqa-3 baxımından güclü seçimdir, sardina zülal, omeqa-3, kalsium və aşağı civə üstünlüyünü bir arada təqdim etməsi ilə diqqət çəkir. Müasir mütəxəssis rəylərində də ən sağlam konservləşdirilmiş balıq seçimi olaraq sardina öndə gəlir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)