Bakının Nərimanov rayonunda Əliyar Əliyev küçəsində uzunluğu 410 metr olan tunelin tikintisi davam edir. İşlərlə əlaqədar küçədə avtobusların hərəkətinin məhdudlaşdırıldığı bildirilir.
Milli.Az xəbər verir ki, sakinlərin sözlərinə görə, artıq iki ilə yaxındır ki, küçədən avtobus marşrutu keçmir. Onlar əvvəllər 24 nömrəli avtobusdan istifadə etdiklərini, 17 nömrəli marşrutun isə yaxın ərazilərdən hərəkət etdiyini deyirlər.
Hazırda avtomobillərin küçə ilə hərəkəti mümkündür. Yolun bəzi hissələrinin vəziyyəti qənaətbəxş olmasa da, nəqliyyatın gedişinə ciddi məhdudiyyət qoyulmayıb.
Sakinlərin digər narazılığı avtobusların istifadə etmədiyi dayanacaqla bağlıdır. Bildirilir ki, bəzi sürücülər avtomobillərini burada saxlayırlar. Lakin dayanacaqda park edən nəqliyyat vasitələrinin sürücüləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən cərimələnirlər.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)