Xameneinin ən son görüntüləri yayıldı - (Foto)

25 Avqust 2026 10:10

İranın ali dini lideri Müctəba Xameneinin iclasda iştirakını əks etdirən yeni görüntülər yayılıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, uzun müddətdir ictimaiyyət qarşısında görünməyən Xameneinin toplantıda "strateji nəzarətçi" kimi yer aldığı bildirilib.

"Fars" xəbər agentliyinin yaydığı kadrlarda Müctəba Xameneinin iclasın gedişatını izlədiyi görünür. Lakin toplantının nə vaxt və harada keçirildiyi, eləcə də iştirakçıların kimliyi ilə bağlı hər hansı məlumat açıqlanmayıb.

Görüntülərin yayılması Xameneinin son zamanlar ictimaiyyət arasında az görünməsi fonunda diqqət çəkib. Onun harada olması ilə bağlı müxtəlif iddialar səsləndirilsə də, yayılan kadrların hansı tarixdə çəkildiyi məlum deyil.

"The Times" qəzetinin məlumatında isə MKİ (CIA) və İsrailin xarici kəşfiyyat xidməti "Mossad"ın Müctəba Xameneinin yerini müəyyənləşdirməyə və onun sağ olub-olmadığını dəqiqləşdirməyə çalışdığı iddia edilib.

Məlumata əsasən, Xameneinin elektron izləmədən yayınmaq üçün şəxsi telefon və kompüterdən istifadə etmədiyi, həmçinin peyk müşahidəsindən qorunmaq məqsədilə yeraltı sığınacaqda qaldığı irəli sürülüb.

Bundan başqa, İran prezidenti Məsud Pezeşkianın təhlükəsizlik tədbirləri çərçivəsində gizli məkana aparılaraq Xamenei ilə görüşdüyü barədə də iddialar yayılıb. Görüşün keçirildiyi yerin qaranlıq olması səbəbindən Pezeşkianın qarşısındakı şəxsin həqiqətən Xamenei olduğuna əmin olmadığı da iddialar sırasında yer alıb.

Qeyd edək ki, İran mediası avqustun 9-da da Müctəba Xameneiyə aid olduğu bildirilən 13 saniyəlik video yayımlamışdı. Həmin görüntülərin dəqiq harada və nə vaxt lentə alındığı açıqlanmayıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)