Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələsini müəyyənləşdirən mühüm siyasi və iqtisadi nəticələrlə yadda qaldı.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
S.Mikayılova bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri Bakı-Daşkənd münasibətlərinin son illərdə qazandığı dinamik inkişafın növbəti mühüm mərhələsi oldu. Daşkənddə keçirilən görüşlər, Ali Dövlətlərarası Şuranın üçüncü iclası, imzalanan sənədlər, yeni investisiya layihələri və qarşılıqlı təltiflər bir daha göstərdi ki, Azərbaycan və Özbəkistan münasibətləri artıq yalnız ənənəvi dostluq və qardaşlıq çərçivəsində deyil, konkret iqtisadi, siyasi və geosiyasi maraqlar üzərində qurulan strateji tərəfdaşlıq modelinə çevrilib.
"Prezident İlham Əliyevin səfər çərçivəsində verdiyi mesajların əsas xətti də məhz bundan ibarət idi: Azərbaycan-Özbəkistan münasibətlərində siyasi iradə artıq konkret layihələr, investisiyalar və regional təşəbbüslərlə tamamlanır. İki ölkə arasındakı münasibətlərin möhkəm təməli tarixi, dil, mədəniyyət və mənəvi yaxınlıqla bağlıdır. Lakin son illərdə bu təməl üzərində formalaşan əməkdaşlığın miqyası əvvəlki dövrlərlə müqayisədə əhəmiyyətli dərəcədə genişlənib. Prezident İlham Əliyev Daşkənddə çıxışı zamanı Özbəkistanın son illərdə keçdiyi inkişaf yoluna xüsusi diqqət çəkərək ölkənin sürətli iqtisadi və sosial transformasiyasını vurğuladı. Dövlət başçısının sözlərinə görə, Daşkənd və bütövlükdə Özbəkistan hazırda yüksəliş dövrünü yaşayır. Bu inkişafın arxasında isə ölkədə həyata keçirilən islahatlar, iqtisadiyyatın şaxələndirilməsi, sənayenin və kənd təsərrüfatının inkişafı, investisiyaların cəlb olunması və beynəlxalq mövqelərin möhkəmləndirilməsi dayanır. Bu məqam Azərbaycan-Özbəkistan əməkdaşlığının iqtisadi məntiqini də izah edir. Çünki iki ölkə arasında böyükmiqyaslı layihələrin həyata keçirilməsi üçün ilk növbədə güclü və dayanıqlı iqtisadi baza lazımdır.
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Şavkat Mirziyoyevin hakimiyyətə gəlməsindən əvvəl Azərbaycanla Özbəkistan arasında birgə layihələr mövcud deyildi. Bu gün isə tərəflər bir neçə ildən sonra 1 milyard dollarlıq ticarət dövriyyəsinə çatmaqdan real hədəf kimi danışırlar.
Bu, sadəcə iqtisadi göstərici deyil. Bu rəqəm iki ölkə arasında münasibətlərin institusional və iqtisadi baxımdan nə qədər sürətlə dərinləşdiyini nümayiş etdirir".
Deputat qeyd edib ki, Daşkənd səfərinin ən mühüm nəticələrindən biri Azərbaycan və Özbəkistan arasında ticarət-iqtisadi əlaqələrin konkret hədəflərlə yeni mərhələyə keçirilməsidir.
"Səfər çərçivəsində "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard ABŞ dollarına çatdırılması üzrə Proqram" və investisiyalar və ticarət sahəsində layihələrin həyata keçirilməsini nəzərdə tutan Yol Xəritəsi imzalanıb. Beləliklə, 1 milyard dollarlıq göstərici siyasi bəyanatdan konkret fəaliyyət planına çevrilib. Əməkdaşlığın coğrafiyası da kifayət qədər genişdir. Energetika, nəqliyyat, investisiya, turizm, dağ-mədən sənayesi, avtomobil sənayesi, kənd təsərrüfatı, emal, bankçılıq və digər sahələrdə layihələrin həyata keçirilməsi iki ölkənin iqtisadiyyatlarının bir-birini tamamlayan imkanlarını üzə çıxarır. Bakı-Daşkənd iqtisadi əlaqələrinin mühüm elementlərindən biri də Birgə İnvestisiya Fondudur. Ali Dövlətlərarası Şuranın iclasında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev fondun 500 milyon dollarlıq vəsaitinin sürətlə layihələrə yönəldilməsinin vacibliyini vurğuladı. Prezident İlham Əliyev isə həmin vəsaitin təxminən 160 milyon dollarının artıq konkret layihələr üzrə müəyyənləşdirildiyini bildirdi.
Bu fondun əhəmiyyəti ondadır ki, o, iki ölkə arasında əməkdaşlığı yalnız dövlətlərarası razılaşmalar səviyyəsində saxlamır, real biznes layihələrinin maliyyələşdirilməsi üçün mexanizm yaradır. Prezident İlham Əliyevin sözləri ilə desək, müxtəlif ölkələrlə oxşar əməkdaşlıq formatları mövcud olsa da, Özbəkistan-Azərbaycan İnvestisiya Fondu nəticəyönümlülüyü baxımından xüsusi yer tutur. Səfər çərçivəsində Azərbaycandan Özbəkistana yönələn investisiyaların miqyasının genişləndiyi də aydın şəkildə nümayiş etdirildi. "Davr Bank"ın açılışı, gips zavodu və STEAM məktəbləri, SOCAR-ın yeni yanacaqdoldurma məntəqələri, "Sea Breeze Uzbekistan", "Baku City", gümüş tərkibli filizin emalı fabriki və meyvə bağları kimi layihələrin açılış və təməlqoyma mərasimlərinin keçirilməsi iqtisadi əməkdaşlığın artıq real nəticələr yaratdığını göstərir".
S.Mikayılova əlavə edib ki, Azərbaycan və Özbəkistan münasibətlərinin əhəmiyyətini yalnız ikitərəfli iqtisadi göstəricilərlə ölçmək düzgün olmazdı. Bu əlaqələrin daha geniş regional geosiyasi və geoiqtisadi nəticələri var. Prezident İlham Əliyev Mərkəzi Asiya və Azərbaycanın böyük potensiala malik vahid geosiyasi və geoiqtisadi region olduğunu vurğulayıb. Bu yanaşma son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin sürətlə genişlənməsi fonunda xüsusi əhəmiyyət qazanır.
"Özbəkistan isə Mərkəzi Asiyanın ən mühüm dövlətlərindən biridir. Azərbaycan isə Xəzər üzərindən Mərkəzi Asiyanı Qafqaz, Türkiyə və Avropa ilə birləşdirən əsas nəqliyyat xəttinin mühüm halqalarından birinə çevrilib. Bu baxımdan Orta Dəhliz üzrə əməkdaşlıq Bakı-Daşkənd münasibətlərinin ən strateji istiqamətlərindən biridir. Ali Dövlətlərarası Şuranın iclasında Xəzərdə birgə donanmanın yaradılması və ayrıca Özbəkistan-Azərbaycan dəhlizinin formalaşdırılması məsələlərinin gündəmə gətirilməsi bunun göstəricisidir. Özbəkistan tərəfi Xəzərdə vahid operatora malik ayrıca dəhlizin yaradılmasında maraqlı olduğunu açıqlayıb. Bu təşəbbüs reallaşarsa, Özbəkistanın dünya bazarlarına çıxış imkanları genişlənəcək, Azərbaycanın isə tranzit və logistika imkanları daha intensiv şəkildə istifadə olunacaq. Başqa sözlə, Bakı və Daşkənd arasında nəqliyyat əməkdaşlığı yalnız iki ölkənin iqtisadi maraqlarına deyil, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni iqtisadi bağlantıların formalaşmasına xidmət edə bilər".
Millət vəkili vurğulayıb ki, Azərbaycan-Özbəkistan münasibətlərinin mühüm xüsusiyyətlərindən biri də siyasi həmrəyliyin real investisiya layihələri ilə müşayiət olunmasıdır.
"Özbəkistan Qarabağın bərpası prosesinə ilk mərhələlərdən qoşulan ölkələrdən biridir. Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin tikilməsi, Xankəndidə tikiş fabrikinə investisiya yatırılması və regionda digər layihələrin həyata keçirilməsi bunun konkret nümunələridir. Prezident İlham Əliyev xüsusilə qeyd edib ki, Qarabağda ilk yardım göstərən və ilk böyük sənaye müəssisəsi ilə bağlı layihəyə başlayan ölkələrdən biri Özbəkistan olub. Bu əməkdaşlığın simvolik tərəfi də var. Özbəkistanın Qarabağın bərpasında iştirakı iki xalq arasında yalnız siyasi deyil, həm də mənəvi həmrəyliyin göstəricisinə çevrilib. İndi isə proses əks istiqamətdə də inkişaf edir. Azərbaycan şirkətləri Özbəkistanda müxtəlif sahələrə investisiya yatırır, yeni müəssisələr yaradır və xidmət sektoruna daxil olurlar. Beləliklə, qarşılıqlı investisiya mexanizmi ikitərəfli münasibətlərin əsas sütunlarından birinə çevrilir.
23 avqust səfərinin ən mühüm siyasi nəticələrindən biri Azərbaycan və Özbəkistan arasında "Əbədi dostluq haqqında Müqavilə"nin imzalanması oldu. Bundan əlavə, Ali Dövlətlərarası Şuranın üçüncü iclasının Qərarı qəbul edildi. Turizm, mədəniyyət, gömrük, pensiya təminatı, xarici siyasət, sosial innovasiyalar və şəhərlərarası əlaqələr daxil olmaqla bir sıra istiqamətləri əhatə edən sənədlər imzalandı və mübadilə edildi. Xüsusilə diqqətçəkən məqam Azərbaycan şəhərləri ilə Özbəkistan şəhərləri arasında qardaşlaşma münasibətlərinin qurulmasıdır. Xankəndi ilə Ürgənc, Naxçıvan ilə Ürgənc, Laçın ilə Buxara arasında müvafiq protokolların imzalanması dövlətlərarası münasibətlərin artıq regionlararası əməkdaşlıq səviyyəsinə də keçdiyini göstərir. Bu, münasibətlərin daha geniş sosial bazaya malik olmasına imkan yaradır. Çünki Bakı-Daşkənd münasibətlərinin gələcəyi yalnız hökumətlərarası əlaqələrdən deyil, şəhərlər, universitetlər, biznes dairələri, gənclər və mədəniyyət institutları arasındakı əlaqələrdən də asılı olacaq".
S.Mikaylovanın sözlərinə görə, Azərbaycan-Özbəkistan münasibətlərinin iqtisadi və siyasi tərəfi qədər mühüm olan digər istiqamət mədəni-humanitar əməkdaşlıqdır. Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışının keçirilməsi bu baxımdan xüsusi simvolik məna daşıyır. Dövlət başçıları universitetin açılış mərasimində iştirak ediblər. Yeni Daşkənddə "Azərbaycan" parkının təməlinin qoyulması isə iki xalqın qarşılıqlı ehtiramının şəhər məkanında ifadəsinə çevriləcək. Şavkat Mirziyoyevin Nizami Gəncəvi ilə Əlişir Nəvai arasında ədəbi körpünün yaradılması, birgə filmlərin çəkilməsi və mədəni tədbirlərin ölkələrin bölgələrinə də yayılması ilə bağlı təklifləri isə münasibətlərin gələcək nəsillərə ötürülməsi baxımından diqqətəlayiqdir. Bu yanaşma təsadüfi deyil. Çünki Azərbaycan və Özbəkistan arasındakı münasibətlərin əsas gücü yalnız iqtisadi maraqlardan deyil, ortaq tarixi-mədəni yaddaşdan qaynaqlanır.
Səfər çərçivəsində Azərbaycan və Özbəkistan prezidentlərinin qarşılıqlı təltif olunması da münasibətlərin səviyyəsini göstərən mühüm hadisələrdən biri oldu. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə ali dərəcəli "Dostluq" ordenini təqdim etdi. Prezident İlham Əliyev isə Şavkat Mirziyoyevi "Heydər Əliyev" ordeni ilə təltif etdi. Azərbaycan Prezidentinin sərəncamında Şavkat Mirziyoyevin "Heydər Əliyev" ordeni ilə təltif olunmasının əsas səbəbi kimi Azərbaycan və Özbəkistan arasında dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin inkişafındakı xüsusi xidmətləri göstərilib. Bu qarşılıqlı təltiflər münasibətlərin şəxsi liderlik amilinin də nə qədər mühüm olduğunu göstərir. İlham Əliyev və Şavkat Mirziyoyev arasında formalaşmış qarşılıqlı etimad son illərdə iki ölkənin dövlətlərarası münasibətlərinin sürətli inkişafının əsas siyasi faktorlarından birinə çevrilib".
Deputat əlavə edib ki, Azərbaycan və Özbəkistan münasibətlərində baş verənləri yalnız ikitərəfli əlaqələrin inkişafı kimi qiymətləndirmək artıq kifayət deyil. Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin genişlənməsi, Özbəkistanın isə Qafqaz və Avropa istiqamətində nəqliyyat və iqtisadi əlaqələrə marağının artması iki region arasında yeni bağlantılar yaradır.
"Ali Dövlətlərarası Şuranın iclasında Şavkat Mirziyoyevin ifadə etdiyi kimi, Bakı və Daşkəndin birgə səyləri yeni geoiqtisadi reallığın - inkişaf üçün böyük potensiala malik vahid makroregionun formalaşmasına xidmət edir. Bu baxımdan Azərbaycan-Özbəkistan münasibətlərini daha böyük regional prosesin bir hissəsi kimi qiymətləndirmək olar. Mərkəzi Asiyanın enerji, nəqliyyat və xammal potensialı Azərbaycanın tranzit imkanları, Xəzər üzərindən keçən marşrutları və Avropa bazarlarına çıxış imkanları ilə birləşdikcə yeni iqtisadi imkanlar yaranır.
23 avqust səfəri göstərdi ki, Azərbaycan və Özbəkistan arasında münasibətlər artıq ənənəvi diplomatik əlaqələrdən çox-çox kənara çıxıb. Siyasi dialoq yüksək səviyyədədir, iqtisadi əməkdaşlığın konkret hədəfləri müəyyənləşdirilib, 500 milyon dollarlıq investisiya fondunun imkanlarından istifadə genişləndirilir, 2030-cu ilədək 1 milyard dollarlıq ticarət dövriyyəsi hədəfi qarşıya qoyulur, Orta Dəhliz üzrə yeni təşəbbüslər irəli sürülür, qarşılıqlı investisiyalar artır, mədəni-humanitar əlaqələr dərinləşir. Ən əsası isə bu münasibətlərin arxasında konkret fəaliyyət planı dayanır. Prezident İlham Əliyevin də vurğuladığı kimi, söhbət artıq uzaq perspektivdə reallaşacağı gözlənilən arzular barədə deyil, həyata keçirilməsi üçün konkret mexanizmləri müəyyənləşdirilmiş layihələrdən gedir. Bu mənada Daşkənd səfərinin əsas nəticəsini bir cümlə ilə ifadə etmək mümkündür: Azərbaycan və Özbəkistan qardaşlıq münasibətlərini konkret iqtisadi gücə, regional əməkdaşlığa və yeni geoiqtisadi imkanlara çevirən mərhələyə daxil olublar. Bakı ilə Daşkəndin paralel inkişafı isə artıq yalnız iki ölkənin deyil, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında formalaşmaqda olan yeni geoiqtisadi məkanın gələcəyi baxımından da mühüm əhəmiyyət daşıyır".