Rusiyada təhlükəsizlik tələblərinə əməl etməyən və ya vaxtında bərpa olunmayan mühüm infrastruktur obyektlərinə müvəqqəti idarəetmə tətbiq edilə bilər.
Milli.Az xəbər verir ki, bununla bağlı Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb.
Sənədə əsasən, obyekt sahibləri təhlükəsizlik tədbirlərini lazımi səviyyədə təmin etmədikdə və ya mövcud tələbləri pozduqda, Rusiya hökuməti həmin obyektlərə müvəqqəti idarəetmə tətbiq edə biləcək. Eyni tədbir obyektlərin bərpası müəyyən edilmiş müddətdə başa çatdırılmadıqda da görülə bilər.
Fərmanın əhatə etdiyi obyektlərə yanacaq-enerji kompleksi, sənaye müəssisələri, rabitə və kommunal xidmətlər, nəqliyyat-logistika infrastrukturu, nüvə enerjisi və digər enerji obyektləri daxildir.
Bundan əlavə, həyat təminatı sistemləri, kritik və potensial təhlükəli obyektlər, eləcə də Rusiyanın təhlükəsizliyi, iqtisadi sabitliyi və əhalinin təminatı baxımından xüsusi əhəmiyyət daşıyan digər infrastrukturlar da yeni qaydalara daxil edilib.
Sənəddə bu tədbirlərin müharibə şəraitində Rusiyanın mühüm infrastruktur obyektlərinə qarşı artan təhlükəsizlik təhdidləri ilə əlaqədar tətbiq edildiyi bildirilir.
Fərman rəsmi dərc olunduğu gündən qüvvəyə minib.
Qeyd edək ki, son dövrlərdə Ukrayna Rusiyanın enerji və digər mühüm infrastruktur obyektlərinə qarşı PUA hücumlarını artırıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)