Azad edilmiş ərazilərdə avqustun 17-dən 23-dək aparılan minatəmizləmə əməliyyatları zamanı 41 tank əleyhinə mina, 98 piyada əleyhinə mina və 522 digər partlayıcı hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) həftəlik hesabatında bildirilib.
Qeyd olunan dövrdə ümumilikdə 1 829,3 hektar ərazi mina və partlayıcı sursatlardan təmizlənib.
Minatəmizləmə işləri ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN), beş yerli təşkilat və bir QHT tərəfindən həyata keçirilib.
Əməliyyatlar Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında, həmçinin Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərində aparılıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)