Azərbaycanda hansı yağlara üstünlük verilir?

24 Avqust 2026 11:50

Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya əsasən, 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycana idxal edilən kərə yağı və süddən hazırlanan digər yağların həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,3 faiz, başqa sözlə, 1 548 ton azalıb.

Milli.Az xəbər verir ki, idxaldakı azalma yerli istehsalın artması ilə müşayiət olunmayıb. Əksinə, 2026-cı ilin ilk yeddi ayında ölkədə kərə yağı istehsalı da təxminən 10 faiz aşağı düşüb.

Bunun fonunda bitki və heyvan mənşəli piy və yağların idxalında əks istiqamətdə dinamika müşahidə edilib. Hesabat dövründə bu məhsulların idxalı 17,8 faiz və ya 15 769 ton artıb. Belə yağların ölkəyə gətirilmə həcmi kərə yağı idxalını təxminən yeddi dəfə üstələyib.

Bu kateqoriyaya palma yağı və onun bərk fraksiyaları da daxildir. Statistikaya görə, yalnız 2026-cı ilin ilk altı ayında Azərbaycana 14 592,7 ton palma yağı və onun bərk fraksiyaları gətirilib. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 19,5 dəfə çoxdur.

Bəs kərə yağının həm idxalı, həm də daxili istehsalı azalarkən, digər yağların, xüsusilə də palma yağının idxalının bu qədər sürətlə artmasının səbəbi nədir?

Məsələ ilə bağlı iqtisadçı Eyyub Kərimlinin fikrincə, mövcud tendensiya bazarda daha yüksək qiymətə satılan südmənşəli yağlardan nisbətən ucuz bitkimənşəli yağlara doğru müəyyən dəyişimin getdiyini göstərir.

Ekspert hesab edir ki, bu dinamika bəzi bazar seqmentlərində bitki yağlarının südmənşəli yağları qismən əvəz etməsi ehtimalını artırır. Bununla belə, söhbət kərə yağı və digər süd mənşəli məhsulların palma yağı ilə tam şəkildə əvəzlənməsindən getmir.

Eyyub Kərimlinin Baku TV-yə verdiyi açıqlamaya görə, xüsusilə qida sənayesinin bəzi sahələrində, o cümlədən şirniyyat istehsalında məhsulun maya dəyərini azaltmaq üçün südmənşəli yağlar əvəzinə bitki mənşəli yağlardan istifadə edilə bilər. Bu amil də palma yağına olan tələbatın artmasına təsir göstərən səbəblərdən biri kimi qiymətləndirilir.

Digər maraqlı məqam isə kərə yağı idxalının qiymətindəki dəyişiklikdir. 2026-cı ildə idxalın azalmasına baxmayaraq, məhsulun orta qiymətində artım qeydə alınmayıb. Əksinə, yanvar-iyul aylarında Azərbaycana gətirilən kərə yağının bir kiloqramının orta idxal qiyməti 6,3 ABŞ dolları olub. Bu isə illik müqayisədə 7,3 faiz azdır.

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)