Bu gün Tərtər, Ağdaş, Bərdə, Goranboy rayonlarının və Bakının Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
"Azərişıq" ASC-dən bildirilib ki, məhdudiyyətlər elektrik şəbəkələrində aparılacaq təmir və yenidənqurma işləri ilə əlaqədardır. İşlərin əsas məqsədi enerji təchizatının keyfiyyətinin yüksəldilməsi və artan yük tələbatının qarşılanmasıdır.
Tərtərdə saat 10:00-dan 14:00-dək 10 kV-luq elektrik xəttinə toxunan ağacların budanması həyata keçiriləcək. Bu səbəbdən İrəvanlı və Bayandur kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Ağdaşda 35 kV-luq "Pirəzə" və 10 kV-luq "Kükəl" hava xətlərində təmir işləri aparılacaq. Saat 10:00-dan 17:00-dək Abad, Ağzıbir, Ağcaqovaq, Eymur, Ərəbşəki, Hüşün, Xınaxlı, Kotavan, Kükəl, Qaradeyin, Qaraoğlan və Pirəzə kəndlərinin bəzi ərazilərində enerji təchizatında fasilə olacaq.
Bərdədə 35/10 kV-luq "Şirvanlı" yarımstansiyasında 16 MVA gücündə yeni transformator quraşdırılacaq. İşlərlə əlaqədar saat 10:00-dan 19:00-dək Böyük Qacar, Dəymədağıldı, Hüseynbəyli, Xanxanımlı, Kətəlparaq, Qullar, Qurdlar, Piyadalar, Soğanverdilər, Şahvəlilər, Şirvanlı və Uğurbəyli kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Goranboyda 10 kV-luq hava xətləri boyunca ağacların budanması işləri görüləcək. Saat 09:45-dan 14:45-dək Bəşirli, Göynüyən və Hazırəhmədli, saat 10:00-dan 15:00-dək isə Xınalı və Qaramusalı kəndlərinin bir hissəsində enerji təchizatı məhdudlaşdırılacaq.
Bakının Yasamal rayonunda da elektrik şəbəkəsində təmir işləri aparılacaq. Saat 10:00-dan 13:00-dək Ələsgər Ələkbərov, Hüseyn Cavid, Eldar Ağayev, Abbas Mirzə Şərifzadə, Mirəli Seyidov və Nazim Hikmət küçələrinin bəzi hissələrində elektrik enerjisinin verilişi dayandırılacaq.
"Azərişıq"dan qeyd edilib ki, işlər başa çatdıqdan sonra həmin ərazilərin enerji təchizatının daha keyfiyyətli və dayanıqlı olması təmin ediləcək.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)