İranda ölkənin enerji ehtiyatlarını əhəmiyyətli dərəcədə artıracaq yeni təbii qaz yatağı aşkarlanıb.
Milli.Az xəbər verir ki, bunu İranın neft naziri Möhsün Paknejad bildirib.
O, Fars vilayətinin cənubunda yerləşən yataqda 7,5 trilyon kub futdan çox təbii qaz ehtiyatının olduğunu açıqlayıb.
Məlumata görə, yataqdakı qazın təxminən 5,7 trilyon kub futunun hasil edilə biləcəyi hesablanır.
Paknejad kəşfin İranın milli enerji ehtiyatlarına ciddi töhfə verəcəyini və ölkənin gələcək illərdə enerji tələbatının qarşılanmasında mühüm rol oynayacağını bildirib.
Nazirin sözlərinə görə, yataqdan hasil edilə biləcək qazın həcmi Cənubi Pars yatağının bir fazasının təxminən 15 illik hasilatına bərabərdir.
Paknejad yataqda təbii qazla yanaşı, əhəmiyyətli həcmdə qaz kondensatı da aşkarlandığını bildirib.
Nazir yeni ehtiyatların ümumi dəyərinin İranın enerji aktivlərinə on milyardlarla dollar əlavə edə biləcəyini qeyd edib.
Yatağın mühüm üstünlüklərindən birinin qazın "şirin" olması olduğu vurğulanıb. Bu xüsusiyyətin qazın emalı və hasilatı ilə bağlı xərcləri azaltmağa imkan verəcəyi bildirilir.
İran Neft Nazirliyi yatağın işlənməsi ilə bağlı kəşfiyyat və hazırlıq işlərinə mümkün qədər tez başlamağı planlaşdırır. Hasil olunacaq qazın isə əsasən sənaye müəssisələri, elektrik stansiyaları və yüksək enerji istehlak edən digər sahələrə yönəldilməsi nəzərdə tutulur./"Qafqazinfo"
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)