66 il əvvəl bir qrup alim bəşəriyyətin gələcəyi ilə bağlı diqqətçəkən riyazi model irəli sürüb və son tarix kimi 13 noyabr 2026-cı ili göstərib. Həmin tarix yaxınlaşdıqca köhnə araşdırma yenidən müzakirə mövzusuna çevrilib.
Milli.Az xarici mediaya istinadən xəbər verir ki, söhbət avstriyalı fizik Haynts fon Förster və həmkarlarının 1960-cı ildə hazırladığı modeldən gedir.
Tədqiqatçılar son 2 min ildə dünya əhalisinin artım tempini təhlil edərək belə nəticəyə gəlmişdilər ki, əgər artım eyni sürətlə davam etsə, bir gün əhalinin sayı riyazi baxımdan sonsuzluğa çata bilər.
Araşdırmanın adı da kifayət qədər sensasion idi: "Qiyamət: 13 noyabr 2026, cümə".
Alimlər həmin dövrdə əhalinin ikiqat artma müddətinin getdikcə qısaldığını müşahidə etmişdilər. Onların modelinə görə, bu tendensiya dəyişmədən davam etsəydi, ikiqat artımlar arasındakı müddət sıfıra yaxınlaşmalı və əhali nəzəri olaraq sonsuz sayda olmalı idi.
Fon Förster o vaxt vəziyyəti belə təsvir etmişdi: "Nəticədə nəvələrimizin nəvələri aclıqdan deyil, sıxlıqdan öləcək".
Lakin son 66 ildə demoqrafik göstəricilər bu modelin proqnozunu doğrultmayıb.
1960-cı ildə dünya əhalisi 3 milyarddan bir qədər çox idi. Hazırda isə təxminən 8,2 milyard insan yaşayır. Yəni əhali 66 ildə heç üç dəfə də artmayıb.
Üstəlik, qlobal əhali artım tempi də xeyli zəifləyib. ABŞ Siyahıyaalma Bürosunun məlumatlarına görə, dünya əhalisinin illik artım tempi 1963-cü ildə təxminən 2,2 faizlə zirvəyə çatmışdı. 2026-cı ildə isə bu göstərici təxminən 0,84 faiz səviyyəsindədir.
Beləliklə, 13 noyabr 2026-cı ildə xüsusi bir qiyamət hadisəsinin baş verəcəyi gözlənilmir. Müasir demoqrafik proqnozlar əksinə, dünya əhalisinin artım sürətinin getdikcə zəiflədiyini göstərir. Bununla belə, 66 il əvvəl hesablanan 13 noyabr 2026 tarixi yaxınlaşdıqca həmin qeyri-adi elmi model yenidən sosial şəbəkələrdə və mediada gündəmə gəlib./Lent.az
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)