Yeni orqan kəşf edildi

22 Avqust 2026 10:47

Alimlər kəllə sümüyündə beynin müdafiəsində rol oynaya biləcək yeni immun strukturlar aşkar ediblər.

Milli.Az demokrat.az-a istinadən xəbər verir ki, araşdırma Vaşinqton Universitetinin Tibb Fakültəsinin alimləri tərəfindən aparılıb. Nəticələr nüfuzlu Nature jurnalında dərc olunub.

Məlum olub ki, kəllə sümüyünün sümük iliyi yalnız qan hüceyrələri yaratmır. Burada beynin immun müdafiəsində iştirak edən xüsusi strukturlar da yerləşir.

Tədqiqatçılar bu strukturların beyin şişlərinə qarşı mübarizədə rol oynaya biləcəyini müəyyən ediblər.

Alimlər daha əvvəl kəllə sümüyü ilə beyin arasında çox kiçik kanallar aşkar etmişdilər. Yeni araşdırmada həmin kanalların molekulların hərəkətində rol oynadığı müəyyənləşdirilib.
Molekulların beyindən kəllə sümüyünün sümük iliyinə qədər gedə bildiyi müşahidə olunub.

Burada alimlər limfa düyünlərindəki strukturlara bənzər immun mərkəzləri aşkar ediblər. Bu mərkəzlər immun hüceyrələrinin müəyyən təhlükələri tanımasına və onlara qarşı hazırlanmasına kömək edir.

Yeni strukturların rolunu müəyyənləşdirmək üçün siçanlar üzərində təcrübələr aparılıb.

Tədqiqat zamanı beyin şişi olan siçanların baş dərisinin altına immun sisteminə təsir edən maddələr tətbiq edilib.

Nəticədə immun strukturlarının fəaliyyəti zəiflədilən siçanlarda şişlərin daha sürətlə böyüdüyü məlum olub. Onların ömrü də daha qısa olub.

İmmun sistemini gücləndirən zülallar verilən siçanlarda isə şişlərə qarşı daha güclü müdafiə reaksiyası yaranıb. Bu heyvanların daha uzun müddət yaşadığı müəyyən edilib.
İnsanlarda da ola bilər

Alimlər bildirirlər ki, yeni strukturlar hələlik yalnız siçanlarda birbaşa müşahidə olunub. Buna görə onların insanlarda da eyni formada olduğunu demək tezdir.

Bununla belə, insan kəlləsinin sümük iliyində bəzi xüsusi immun hüceyrələrinin olduğu artıq məlumdur. Bu fakt insanlarda da oxşar strukturların ola biləcəyini göstərir.

Tədqiqatçılar hesab edirlər ki, kəşf gələcəkdə beyin xərçənginin müalicəsində yeni üsulların hazırlanmasına kömək edə bilər.

Bu strukturların Alzheimer və Parkinson xəstəlikləri, şizofreniya və uzunmüddətli COVID-19 zamanı rolu da araşdırılacaq.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)