ABŞ-də keçirilən 2026-cı il Dünya Çempionatının qalmaqallı finalından sonra FIFA Argentina milli komandasını və futbolçularını kütləvi şəkildə cəzalandırıb.
Milli.Az BBC-yə istinadla xəbər verir ki, İspaniyaya 0:1 hesabı ilə uduzduqları final matçının ardından baş verən əlbəyaxa dava və qayda pozuntularına görə FIFA-nın İntizam Komitəsi sərt qərarlar çıxarıb.
Qərara əsasən, yarımmüdafiəçi Leandro Paredes 10 oyunluq, müdafiəçi Nauel Molina isə 7 oyunluq diskvalifikasiya edilib. Hər iki futbolçunun hərəsi əlavə olaraq 90 min dollar cərimələnib. Millinin digər üzvü Tiaqo Almada və məşqçilər korpusunda yer alan Roberto Ayala da cəzasız qalmayıb. Almada 1 oyunluq cəza və 30 min dollar cərimə, Ayala isə 3 oyunluq cəza və 30 min dollar cərimə alıb.
İspaniya tərəfindən isə yarımmüdafiəçi Qavi qarşıdurmadakı iştirakına görə 1 oyunluq cəza və 30 min dollar cəriməyə məruz qalıb.
Bununla yanaşı, Argentina Futbol Assosiasiyası (AFA) azarkeşlərin irqçi və ayrı-seçkilik xarakterli şüarları, komandanın intizamsızlığı və idman tədbirindən siyasi nümayişlər üçün istifadə edilməsinə görə ümumilikdə 321 min dollar cərimələnib. Xatırladaq ki, argentinalı futbolçular yarımfinalda İngiltərəyə 2:1 hesabı ilə qalib gəldikdən sonra Böyük Britaniyanın dənizətrafı ərazisi olan Folklend (Malvin) adaları üzərində Argentina suverenliyini iddia edən "Las Malvinas son Argentinas" (Malvin adaları Argentinadır) şüarlı pankart qaldırmışdılar.
Qeyd olunub ki, Argentina həmçinin növbəti iki ev oyununu 50 faizlik azarkeş tutumu ilə keçirməli olacaq./Qafqazinfo