İsmayıllıda toyda zəhərlənənlərin sayı 31-ə çatıb - Yenilənib

21 Avqust 2026 13:05

İsmayıllıda baş vermiş zəhərlənmə hadisəsi ilə bağlı 31 nəfər (23 qadın, 8 kişi) 20.08.2026-cı il tarixində saat 15:30 radələrində Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyidən (TƏBİB) bildirilib.

"Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin vəziyyətləri qənaətbəxş qiymətləndirilib. Onlar ambulator müalicə üçün evə buraxılıblar", - deyə əlavə edilib.

xxx

İsmayıllıda baş verən zəhərlənmə hadisəsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıb.

Milli.Az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

İlkin araşdırma zamanı məlum olub ki, hadisə İsmayıllı rayonu, Hacıhətəmli kəndində həyətyanı sahədə təşkil edilən toy məclisində baş verib.

24 nəfər zəhərlənmə diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Hazırda xəstələrin vəziyyəti yaxşıdır. İlkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Agentliyin əməkdaşları tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub. Araşdırmaların nəticələrinə uyğun tədbirlər görüləcək.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)