"Qızıl top" mükafatının sahibi, braziliyalı Ronaldinyo İtaliyanın "Ravenna" klubunun heyətinə cəlb olunan yeni futbolçu kimi ictimaiyyətə təqdim edilib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, təqdimat mərasimi Ravenna şəhərində təşkil olunub. Ronaldinyo tədbirə üzərində soyadı və 10 nömrəsi yazılan "Ravenna" forması ilə qatılıb.
Braziliyalı keçmiş futbolçu yeni komandası ilə bağlı fikirlərini bölüşərək burada olmaqdan məmnunluğunu ifadə edib:
"Dostlarımla birlikdə burada olduğum üçün çox şadam. Yaxşı nəticələr əldə edə biləcək komandamız var".
Ronaldinyo meydana çıxıb-çıxmayacağı ilə bağlı qərarın baş məşqçiyə aid olduğunu bildirib. O, İtaliyaya qayıtmasının xoş hiss olduğunu və əsas məqsədinin komandaya qələbələr qazanmaqda kömək etmək olduğunu söyləyib:
"Bilmirəm oynayacağam, yoxsa yox - bunu yalnız baş məşqçi bilir. İtaliyaya qayıtmaq çox gözəldir. Mən buraya komanda yoldaşlarıma qələbə qazanmaqda kömək etmək üçün gəlmişəm. Gördüyünüz kimi, yaxşı formadayam və özümü əla hiss edirəm. Əgər karyeramda 300-cü qolumu vura bilsəm, bu, daha da gözəl olar".
Qeyd edək ki, Ronaldinyo iyun ayında "Ravenna" ilə müqavilə bağlayıb. Mart ayında 46 yaşı tamam olan Braziliya millisinin sabiq futbolçusu hazırda klubun investorları sırasında yer alır.
Tərəflər Ronaldinyonun müqaviləsinin maliyyə və digər şərtlərini açıqlamayıblar.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)