Dünyada ən çox istifadə olunan emoji

22 Avqust 2026 00:02

2025-ci ildə dünyada ən çox istifadə olunan emoji bəlli olub.

Milli.Az xəbər verir ki, "Google"un araşdırmasına əsasən, yüksək səslə ağlayan üz ötən il ən populyar emoji olub. O, gülməkdən gözləri yaşaran üz və gülməkdən yerə yuvarlanan üz emojilərini geridə qoyub.

Araşdırma "Android" cihazlarında istifadə olunan "Gboard" klaviaturasında yazılmış 665 milyon anonim emoji nümunəsi əsasında aparılıb.

Dilçilərin fikrincə, yüksək səslə ağlayan üz emojisi artıq çox gülməli, emosional və ya utancverici vəziyyətlərə verilən universal reaksiyaya çevrilib.

Gülməkdən gözləri yaşaran üz və gülməkdən yerə yuvarlanan üz emojilərinin populyarlığının azalmasının səbəblərindən biri isə gənclərin onları "çox işlənmiş" hesab etməsidir. Yaşlı nəsil isə əvvəlki seçimlərinə daha sadiq qalaraq bu emojilərdən və baş barmaq işarəsindən daha çox istifadə edir.

Gənclər yüz xal işarəsi əvəzinə alov, baş barmaq əvəzinə isə dua edən əllər emojisindən istifadə etməyə üstünlük verirlər. Bir müddət "gülməkdən öldüm" mənasında işlədilən kəllə emojisi də yeniyetmələr arasında yüksək səslə ağlayan üz emojisindən daha populyar olub. Lakin sonradan onun istifadəsi sürətlə azalıb.

2025-ci ildə istifadəsi ən sürətlə artan emoji isə solmuş çiçək olub. Kədər və ya qəlb qırıqlığını ifadə etmək üçün istifadə edilən bu emojinin işlənmə tezliyi bir il ərzində 190 faiz artıb. Solmuş çiçək 193-cü pillədən 93-cü yerə yüksəlib.

Hazırda 3600-dən çox emoji mövcuddur. Lakin 2025-ci ildə ən çox istifadə olunan 10 emoji bütün istifadələrin 36 faizini təşkil edib.

Bununla yanaşı, bəzi gənclər artıq emojilərdən imtina edərək foto, mem və yalnız qarşı tərəfin başa düşdüyü lokal zarafatlar əsasında hazırlanan stikerlərə üstünlük verirlər./Axsam.az