UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Tvente" (Niderland) - "Qarabağ" oyunundan (0:1) sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
Milli.Az xəbər verir ki, mütəxəssis səfər qələbəsindən danışaraq təəssüratlarını bölüşüb:
"İlk növbədə futbolçularımı təbrik etmək istəyirəm. Yaxşı və düzgün mübarizə apardılar, çox güc sərf etdilər. "Qarabağ" olaraq burada 3-cü dəfədir oynayırıq. İnanın ki, bu stadiondan, azarkeşlərdən hər dəfə daha çox zövq alırıq. Bizim azarkeşlərimizə də təşəkkür edirəm. Komandamızın çıxışından həzz aldılar. Yerlərində bir dəqiqə də dayanmadılar. Hamısı bizi dəstəklədi, yanımızda olduğunu hiss etdirdi. Çox vacib qalibiyyət oldu. Amma bu hələ duelin ilk hissəsidir. Bakıda cavab görüşü olacaq. Evdə daha diqqətli və intizamlı oynamalıyıq ki, iki görüşün nəticəsinə görə qalib olaq. İnanıram ki, Bakıdakı qarşılaşma da maraqlı keçəcək və azarkeşlərimizi sevindirə biləcəyik".
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)