"Müasir Yaradıcılığa Dəstək" İctimai Birliyi tərəfindən həyata keçirilən "Yenidən doğulan torpağın övladları" adlı yaradıcılıq master-klasları layihəsi çərçivəsində Cəbrayıl rayonunun Horovlu kəndində uşaqlar və yeniyetmələr üçün silsilə ustad dərsləri təşkil olunub.
Layihənin əsas məqsədi Qarabağ və Şərqi Zəngəzurda doğma yurdlarına qayıdan uşaqların asudə vaxtının səmərəli və məzmunlu təşkil edilməsi, onların yaradıcılıq potensialının üzə çıxarılması, sosiallaşmasına və sağlam həyat tərzi vərdişlərinin formalaşmasına dəstək göstərilməsidir.
Ustad dərslərinə Cəbrayıl, Horovlu kəndi və ətraf ərazilərdən uşaqlar və yeniyetmələr cəlb olunub. Layihə çərçivəsində proqram beş əsas istiqaməti - rəsm, ədəbiyyat, teatr, musiqi və sağlam həyat tərzini əhatə edib.
Layihə çərçivəsində rəssam və tədbir təşkilatçısı Nurlana Hacıyevanın iştirakı ilə məktəblilər üçün "Rəsm" ustad dərsi də keçirilib. Dərsin nəzəri hissəsində uşaqlara rəssamlıq sənəti, tanınmış rəssamlar, rəsm çəkmə texnikaları, eləcə də bu sahədə istifadə olunan alət və ləvazimatlar barədə məlumat verilib. Nurlana Hacıyeva öz təcrübəsini iştirakçılarla bölüşərək onların rəssamlığa marağının artırılmasına töhfə verib. Praktiki hissədə uşaqlar kətan və kağız üzərində rəsm çəkmə qaydalarını öyrənib, müxtəlif mövzularda yaradıcı işlər hazırlayıblar. İştirakçılar Xarıbülbül, Cəbrayıl rayonunun xəritəsi, natürmort, peyzaj, Pablo Pikassonun "Sülh göyərçini", "Dəmir yumruq", Azərbaycan bayrağı və əsgəri, eləcə də "Ürək" mövzusunda kompozisiyalar çəkib və rəngləyiblər. Bununla yanaşı, uşaqlar müxtəlif dizayn həllərindən istifadə etməklə maraqlı kollajlar da hazırlayıblar.
Rəsm ustad dərsinin əsas məqsədi uşaqların əl bacarıqlarının və bədii təxəyyülünün inkişafına dəstək olmaq, onları peşəkar rəssamların yaradıcılığı ilə yaxından tanış etməkdir.
Uşaqlar üçün "Ədəbiyyat" mövzusunda keçirilən ustad dərsi də iştirakçıların böyük marağı ilə qarşılanıb. Dərsin əvvəlində Bakı şəhərindən canlı bağlantı yaradılıb və onlayn rejimdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Hüseyn Cavidin Ev-Muzeyi nümayiş etdirilib. Uşaqlara muzeyin otaqları, unikal eksponatları və Hüseyn Cavidin həyat yolu haqqında ətraflı məlumat verilib. Daha sonra iştirakçılara müəyyən vaxt limiti çərçivəsində "Dirçələn yurdum" mövzusunda inşa yazmaq tapşırılıb. Uşaqlar öz əsərlərində uşaq arzularını, doğma yurda bağlılıqlarını və səmimi düşüncələrini əks etdiriblər. Dərsin sonunda Hüseyn Cavidin Ev-Muzeyi tərəfindən uşaqlara çoxsaylı kitablar, not dərslikləri və digər hədiyyələr təqdim olunub.
Layihə çərçivəsində tanınmış beynəlxalq idman jurnalisti, fitnesoloq və "Fitnes Nədir" kitabının müəllifi Əkbər Kərimovun iştirakı ilə uşaqlar üçün "Sağlam həyat tərzi" mövzusunda ustad dərsi də təşkil olunub.
Nəzəri və praktiki hissələrdən ibarət olan təlim uşaqların böyük marağına səbəb olub. Təlimin əvvəlində Əkbər Kərimov sağlam həyat tərzinin əsas prinsipləri barədə məlumat verərək öz təcrübəsini iştirakçılarla bölüşüb. Tədbirin praktiki hissəsində uşaqlara sağlamlıq üçün sadə və faydalı gimnastik təmrinlər öyrədilib, onlarla birlikdə idman məşğələsi keçirilib. Tədbirin sonunda müəllifin "Fitnes Nədir" kitabından xüsusi olaraq hazırlanmış "Uşaq fitnesi" mövzusunun çap versiyası uşaqlara təqdim olunub.
Teatr üzrə ustad dərsini Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru, Prezident mükafatçısı Ayla Osmanova keçirib. Dərs zamanı iştirakçılar Azərbaycan teatrı və milli səhnə obrazları ilə tanış olub, müxtəlif aktyor və səhnə məşqlərində iştirak ediblər. Uşaqlar obraz yaratmaq, səhnədə özünü ifadə etmək və teatr dili ilə bağlı praktiki tapşırıqlar yerinə yetiriblər.
Musiqi üzrə ustad dərsi Avropa Gənclər Olimpiadasının səfiri Tofiq Hacıyevin iştirakı ilə keçirilib. İnteraktiv oyunlar vasitəsilə Azərbaycan musiqisinin zəngin ənənələri və musiqinin insan həyatındakı rolu haqqında məlumat verilib. Tədbir zamanı bir neçə uşaq öz ifasını da təqdim edib.
Layihəyə cəlb olunmuş uşaqlar və yeniyetmələrə fəal iştiraklarına görə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.