Özünə xəsarət yetirən futbolçuya AFFA-dan ağır cəza

20 Avqust 2026 16:28

Misli Premyer Liqasının I turunun "Sumqayıt" - "Neftçi" oyununda birbaşa qırmızı vərəqə alan "Sumqayıt"ın futbolçusu Səbuhi Abdullazadə 5 oyunluq cəzalandırılıb.

Milli.Az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Təcavüzkar davranışa görə cəzalandırılan futbolçuya görə "Sumqayıt" klubu 3 min manat cərimə olunub. Eyni qarşılaşmada həmçinin 4 futbolçusu sarı vərəqə alan "Neftçi" 700 manat cərimələnib.

Sözügedən turda baş tutan "Qarabağ" - "Şamaxı" matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalandırılan qonaq komanda 700 manat cərimələnib.

Xatırladaq ki, qalmaqallı epizod Səbuhi Abdullazadənin "Neftçi" ilə matçda qırmızı vərəqə alaraq meydanı tərk etməsi zamanı yaşanmışdı. Qəzəbli futbolçu stadionun qapısını sındırmış, qırılan şüşənin ayağına düşməsi nəticəsində isə özünə ciddi xəsarət yetirmişdi.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)