"Formula 1": Azərbaycan Qran-prisi öncəsi könüllülər üçün təlimlər keçirilib - (Foto)

20 Avqust 2026 12:47

"Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq işləri çərçivəsində könüllülər üçün xüsusi təlim proqramı təşkil edilib.

Milli.Az xəbər verir ki, media nümayəndələri də təlim prosesini yaxından izləyərək hazırlıq mərhələsi ilə tanış olublar.

Tədbir zamanı Azərbaycan Qran-prisinin keçirilməsinin 10 illiyi münasibətilə könüllülük proqramının son onillikdə keçdiyi inkişaf yolu, əldə olunan nəticələr və iştirakçılar üçün yaradılan imkanlar barədə məlumat verilib.

Bildirilib ki, 2016-cı ildən etibarən könüllülük proqramına maraq əhəmiyyətli dərəcədə artıb. İlk yarış ilində proqrama 7 min namizəd müraciət etdiyi halda, bu il qeydiyyatdan keçənlərin sayı rekord göstəriciyə - 49 minə çatıb.

Könüllülər arasında yaş fərqinin də kifayət qədər geniş olduğu diqqətə çatdırılıb. Belə ki, proqramın ötən 10 il ərzində ən gənc iştirakçısı 16, ən yaşlı könüllüsü isə 75 yaşında olub.

Təlimlərin təşkilində 2016-cı ildən fəaliyyət göstərən Bakı Şəhər Halqası Akademiyasının xüsusi rolu vurğulanıb. Akademiyada könüllülər yarış zamanı yerinə yetirəcəkləri vəzifələrə hazırlanmaqla yanaşı, onların şəxsi və peşəkar bacarıqlarının inkişafına da diqqət yetirilir.

Hazırlıq proqramına ixtisaslaşmış təlimlər və praktiki məşğələlər daxildir. Bu proses çərçivəsində iştirakçıların komanda ilə işləmək, ünsiyyət qurmaq və yarışın dinamik mühitində operativ qərarlar qəbul etmək bacarıqları inkişaf etdirilir.

Qeyd edək ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisi sentyabrın 24-26-da Bakıda keçiriləcək.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)