Azərbaycan güləşçisi Ayxan Cavadov U-20 dünya çempionatında qızıl medal qazanıb

19 Avqust 2026 22:43

Azərbaycanın yunan-Roma güləşçisi Ayxan Cavadov (60 kq) Slovakiyanın paytaxtı Bratislavada keçirilən U-20 dünya çempionatında qızıl medal qazanıb.

Milli.Az-ın məlumatına görə, idmançı finalda özbəkistanlı Dostonbek Oripovla qarşılaşıb.

Təmsilçimizin ilk hissədə icra etdiyi 4 xallıq fənd qarşılaşmanın taleyini həll edib. Rəqibinə 4:1 hesabıyla qalib gələn A.Cavadov titulunu qoruyub və ardıcıl 2-ci dəfə U-20 dünya çempionu olub.

Elmin Əliyev (82 kq) bürünc medal uğrunda görüşdə türkiyəli İsmayıl Bərəkətlə üz-üzə gəlib. Qarşılaşmanın əvvəlindən təşəbbüsə yiyələnən güləşçi sonadək üstünlüyü qoruyub və 7:1 hesablı qələbəylə dünya üçüncüsü olub.

Zəhra Kərimzadə (72 kq) isə bürünc medal uğrunda qarşılaşmada rusiyalı Liliana Kazminaya (tuş) məğlub olub və dünya çempionatını 5-ci pillədə başa vurub.

Beləliklə, Azərbaycanın mundialda qazandığı medalların sayı 5-ə çatıb. Öncəki günlərdə Cavidan Nehmətov (77 kq) gümüş, Emin Cavadlı (55 kq) və Tural Əhmədov (63 kq) isə bürünc medal əldə edib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)