“İbrahim Tatlışiş” restoranında kabab at ətindən bişirilirmiş

19 Avqust 2026 18:27

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Ə.Quliyev küçəsi, ev 114 ünvanında fəaliyyət göstərən fiziki şəxs Nəbiyev Ağaisa Əlisa oğluna məxsus "İbrahim Tatlışiş" kabab evində yoxlama keçirilib.

AQTA-dan Milli.Az-a verilən xəbərə görə, yoxlama zamanı istifadə olunan farşın keyfiyyət və təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədlər təqdim edilməyib.

Məhsullardan götürülən nümunələrin laborator müayinəsi nəticəsində ətdə at DNT-si aşkarlanıb. Bundan əlavə, müəssisədə izlənmə sisteminin tətbiq edilmədiyi, həmçinin sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən olunub.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilərək məsuliyyətə cəlb olunub və müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.

Qeyd edək ki, həmin obyektin sahibi 2025-ci ilin may ayında keçirilən yoxlama zamanı da at DNT-si aşkarlanması faktına görə məsuliyyətə cəlb olunmuşdu.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)